"Azərbaycan Beynəlxalq Bankı" (ABB) 100 milyon manat həcmində istiqraz buraxır.

Yenizaman bu barədə bankın emissiya prospektinə istinadən xəbər verir. Belə ki, bank hər birinin nominal dəyəri 100 manat olan 1 milyon ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar buraxmağı hədəfləyib. İllik 11 faiz gəlirlilik təklif edilən istiqrazlar üzrə kupon ödənişi rübdə bir dəfə veriləcək. İstiqrazların nominal dəyəri isə sonuncu faiz ödənişi ilə birlikdə ödəniləcəkdir.

Beləliklə, istiqrazlar tam reallaşacağı təqdirdə ABB fond bazarından 100 milyon manat cəlb etmiş olacaq.

Bildirilib ki, emissiyadan əldə olunan vəsait bankın strateji hədəflərinin reallaşdırılması, bazar nüfuzunun və bazar payının artırılması, eləcə də xarici mühitdə yaranacaq hər cür dəyişikliyə cəld və effektiv uyğunlaşmanın təmini üçün lazımi resursların və mexanizimlərin təkmilləşdirilməsinə investisiya olacaq. Əlavə olaraq, ölkə daxilində sərfəli və keyfiyyətli bankçılıq xidmətləri təklif etməklə regionlarda real iqtisadiyyatın maliyyələşdirilməsi, bölgələrdə iqtisadi rifahın və məşğulluğun artırılmasına müsbət təsir göstərəcəkdir.

.