Yeni Zaman partiyasının 8 noyabr Zəfər Günü ilə bağlı bəyanatı 

8 Noyabr rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi gündür. 
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu. Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürərək, torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. 

Qəhraman zabitlərimiz, əsgərlərimiz Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!

Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü, noyabrın 8-i isə Zəfər Günü kimi qeyd olunacaq.

Sərəncamlarda da qeyd olunduğu kimi, İkinci Qarabağ savaşında düşmən hər cür təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız böyük əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.

Ermənilər bu cür cinayətləri müxtəlif illərdə və müxtəlif formalarda1905, 1918 və 1988-ci illərdə də  törətmişdilər. Xalqəməz üçün ağrılı acılı nəticələri olsa da  həmişə layiqli cavablarını almışlar. Bu anım gününün təsis olunması və hər il qeyd olunması bu vəhşiliklərin və təxribatların unudulmaması baxımından xüsusi əhəmiyyət daşıyır.

Noyabrın 8-nin ölkəmizdə hər il Zəfər Günü kimi qeyd olunmasına gəldikdə isə Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin möhtəşəm qələbəsini təmin etdi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

İşğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq işləri həyata keçirilməsi, qısa müddətdə Zəfər yolunun inşası, Füzulidə beynəlxalq hava limanının inşa olunması, Zəngilanda “Ağıllı kənd” layihələrinin icra olunması,  Beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin təməlinin qoyulması, işğaldan azad olunmuş rayonların baş planlarının hazırlanması, həmin ərazilərdə dəmir yollarının və avtomobil yollarının sürətli çəkilişi, su elektrik stansiyalarının bərpası və digər mühüm layihələr həyata keçirilir.

Bu inkişafı gözü götürməyən qonşumuz olan İran kimi dövlətlərin Ermənistana açıq dəstək verməsi, sərhədlərimizdə təlimlər keçirməsi, Ermənistanın Baş Naziri ilə görüşündə ticarət dövriyyəsinin artırılmasını vəd etməsi, dövlətçiliyimizə açıq düşmənçilik mövqeyindən başqa bir şey deyil

Azərbaycan xalqı 44 günlük zəfərdən ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə qalib dövlət və xalq kimi tarixə düşdük. Bundan sonra da siyasi partiyaların, xalqın və hakimiyyətin birliyini qorumaqla daha böyük qələbələrə nail olmaliyiq.

Bütün xarici  təhdidlərə baxamyaraq ,biz Yeni zaman partiyası olaraq ,Azərbaycanın dövlət maraqlarının qorunmasında daim Azərbaycan Prezidenti ,Ali Baş Komandanının yürütdüyü siyasətlə həmrəyik!  

Yeni Zaman Partiyasının cədri Musa Ağayev
 

.