
"Serialımız iki həftədir efirə getmir. Şəhidlərimizlə bağlı düzgün hesab etmirik. Çəkilişlərimiz davam edir. Yəqin növbəti həftədən efirdə olacam".
Bu sözləri Axşam.az-a açıqlamasında xalq artisti Firəngiz Mütəllimova deyib. O, filmə çəkilmək arzusundan bəhs edib:
"Ən böyük arzum tarixi filmdə oynamaqdır. Qarabağlı bir xanımı, şəhid anasını canlandırmaq istəyirəm".
F.Mütəllimova sənət adamlarının əsgərləri ziyarət etməsindən və bunu sosial şəbəkədə paylaşmalarından danışıb:
"Həyat budur, bir üzümüz gülür, digəri ağlayır. Şəhidlərimizə hamımız ağladıq. Mən niyyət edib Allaha yalvardım ki, Şuşa alınsın, heç ora getməyim, kənardan baxım. Təki bilim ki, Şuşa Azərbaycandadır. İnsanın ağlın yüz fikir keçir. Sənət adamları həmişə əsgərlərə dəstəyə gedib. Bu, onların əhvalına təsir edir. Bu şeyləri alqışlayıram. Gedənlərə halal olsun. İndikilər gəncdir, bunu anlamır. Əslində, bu, düzgün addımdır".
Bir müddət əvvəl şəxsi həyatından danışıb, sevdiyi insanın olduğunu deyən aktrisa buna peşman olduğunu etiraf edib:
"Çox qələt etdim bu haqda danışdım. Bir də şəxsi həyatımdan danışmayacam. Başlıqlardan, deyilən fikirlərdən xoşum gəlmədi. Bu nə mənim adıma, nə yaşıma, nə də sənətimə yaraşır. Bundan sonra şəxsi həyatımda nə olsa, İnstaqramımda yazacağam".