Yeni ilin ilk günündə AzTV-də "Ordan-burdan" telemaşasının 30 illiyi münasibətilə xüsusi buraxılış yayımlanacaq. 

Axşam.az-ın məlumatına görə, məşhur melodramın ad günü "Sevilənlər" proqramında qeyd olunacaq.

Nərgiz Cəlilovanın aparıcısı olduğu verilişin çəkilişi artıq baş tutub. 30 yaşlı müziklin quruluşçu rejissoru Ramiz Həsənoğlu başda olmaqla "Ordan-burdan”ın demək olar ki, bütün yaradıcı heyəti proqrama qatılıb. 

Verilişdə Azərbaycan televiziyasında çəkilən ilk müziklin hazırlıq işləri, yaradıcılıq prosesi, kameranın nəzərindən yayınan məqamlar, həmçinin teletamaşanın 30 ildə keçdiyi yol bir-bir xatırlanıb. Görkəmli bəstəkar Rauf Hacıyevin tamaşaya yazdığı mahnılar televiziyanın gənc solistlərinin ifasında təqdim olunub. 

Proqramda Hacı İsmayılovla Yaşar Nurinin 30 il əvvəl Minskdə təqib olunması, qadın geyimindəki hansı atributun Rafael Dadaşova əziyyət verdiyi, Cahangir Novruzovun 8 günə deputat olmaq istəyi barədə danışılacaq. 

Xatırladaq ki, "Sevilənlər”in yubiley proqramı yanvarın 1-i saat 22.30-da efirə gedəcək.
 
 

 

 

 

 

 

 

 

 

 

 

.