Əhalinin sosial rifah baxımından heç də ürəkaçan səviyyədə yaşamadığı respublikamızda tarif şurasının 2 dekabr 2013-cü il tarixli iclasından sonra neft və neft məhullarının qiymətinin yüksək faizlə bahalaşması qərarı bütün ölkəni silkələdi. Neft ölkəsi hesab olunan Azərbaycanda qara qızılın qiymətinin birdən-birə 25 faiz artması cəmiyyət arasında birmənalı olaraq neqativ rəy və əhval-ruhiyyə yaratmış oldu. Prezident seçkiləri öncəsi hazırki Azərbaycan hökumətinin heç bir qiymət artımı olmayacaq bəyanatından sonra ilin sonuncu ayında, qış fəslinin astanasında açıqlanan bu sensassion bahalaşma ölkənin müxtəlif yerlərində etiraz aksiyalarına səbəb oldu. Təhsil aldığım universitetin müəllim və tələbə heyətindən tutmuş ictimai nəqliyyatda bir neçə dəqiqə yol yoldaşı olduğum insanlaradək, hər kəs bu qərarın gələcək fəsadlarından qayğılanmaqdadır. Yanacaq məhsullarının istehlak dairəsinin çoxşaxəli olmasını nəzərə alsaq bu qiymət artımının şəhərlər arası sərnişindaşımadan tutmuş kənd təsərrüfatı məhsullarının paytaxt bazarına çıxarılmasınadək bir çox təsərrüfat subyektlərinə təsirsiz ötüşməyəcəyi məlumdur. Bank sektorunun "əsirliyində" olan Azərbaycan vətəndaşının aylıq gəlirinin heç kreditini ödəməyə kifayət etməməsini nəzərə alsaq, yeni il öncəsi onu yeni qayğıyla üz-üzə qoymaq ən azından sosial rifah nöqteyi- nəzərindən təəssüf doğurur.
Tarif şurasının qərarında "sığortalayıcı" bir məqam da var ki, bu da şəhərarası danışıq tariflərinin aşağı salınmasıdır. Cüzi endirimlə, gözdən pərdə asmaq üçün edilən bu dəyişiklik cəmiyyət arasında sarkazmsayağı gülüş doğurdu.
Qiymət artımını makroiqtisadi göstəricilərlə bağlayan SOCAR səlahiyyətlilərinin açıqlamasında neft məhsullarının qiymətinə görə ölkəmizi qonşu Gürcüstanla müqayisə etməsi dünya neft bazarında ilk beşlikdə qərarlaşan Azərbaycan üçün nə dərəcədə məntiqəuyğundur bunun cavabı özlərinin boynuna...SOCAR rəsmilərinin nəzərinə bir neçə məqamı çatdırmaq yerinə düşərdi.Belə ki, qara qızılın hasilatına görə dünya bazarında digər lider dövlətlər olan Küveyt, Oman,Qətər, Səudiyyə Ərəbistanı və İranda benzinin bir litrinin qiyməti cəmi 20-40 sent arasında dəyişir. Sonuncu dəfə 2007-ci ildə qiymət artımı müşahidə olunan Azərbaycan neftinin daxili istehlak qiymətinin bunaqədərki dəyəri sadaladığım ölkələrdən kifayət qədər öndə idi. Üstəlik 25 faiz artan qiymət və bunun müqabilində son 7 ilin qiymət sabitliyinin tələbat göstəricisinə uyğun olmaması kimi abstrakt mühakimələrə uşağın başını əmziklə aldatmaqdan başqa təşbeh tapmaq mümkün deyil. Aylıq 200 manat əməkhaqqı ilə ailəsində ziyalı yetişdirməyə çalışan müəllimin maaşında hər il gündəlik çərəzlərə xərclənən kiçik məbləğlə artımın olduğunu nəzərə alsaq, birdən-birə orta hesabla aylıq 30-40 manat əlavə istehlak xərciylə yüklənməsinə rəsmilikdən başqa heç bir funksiya daşımayan iqtisadi inkişaf göstəriciləri ilə haqq qazandırmaq olmaz. Nə isə, dostumun bununla bağlı sosial şəbəkədə yerləşdirdiyim statusdan sonra mesaj qutuma yazdığı kimi :"Başımızı aşağı salıb işimizi görək"...
Sahib Əsədbəyli
.