İcra başçısının sabiq müavini: "MTN-də İlqar Əliyev mənə oğlumun maşınından silah, narkotik çıxa biləcəyini dedi"
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxslər arasında Xəzər rayon İcra Hakimiyyətinin başçısının müavini olmuş Ələkbər Heydərov da var.
Ələkbər Heydərov istintaq zamanı ifadəsində bildirib ki, 2001-ci ildən 2013-cü ilədək Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində işləyib: "2011-ci ilin may ayında icra başçısı Gülağa İslam MTN-in Antiterror Mərkəzinə dəvət olunduğumu bildirdi. O, çağırılmağımın səbəbini bilmədiyini, oraya gedərək öyrənməyimi istədi. Mən də nazirliyə getdim. Adını bilmədiyim bir nəfər məni qarşılayaraq Antiterror Mərkəzinə apardı”.
Ələkbər Heydərovun sözlərinə görə, MTN-in binasında onu bir otağa gətiriblər: "Adını bilmədiyim 2-3 MTN əməkdaşı icra başçısının müavini olduğum müddətdə saxta sərəncam verdiyimi bildirdi. Onlara sərəncam verməyə səlahiyyətimin olmadığını dedim, həmin saxta sənədi təqdim etmələrini istədim. Həmin şəxslər konkret olaraq kimin barəsində saxta sərəncam verdiyimi bildirməsələr də, ümumi danışdılar. Daha sonra hansısa vətəndaşa məxsus torpaq sahəsini başqa şəxsə satmağımı, 90-cı illərə aid bir neçə sərəncamın sürətini göstərdilər. Mənim də həmin sənədlərə adiyyətim olmadığını bildirdim, buna dair izahat yazdım. Söhbət zamanı Abşeron rayon İcra Hakimiyyəti başçısının müavinini də bir müddət əvvəl dəvət etdiklərini, onun da etdiyi cinayəti etiraf etmədiyini və məsuliyyətdən azad edilmək üçün pul verməsinə dair razılaşdıqlarını, ancaq onları aldadaraq dediyi məbləğı gətirmədiyini, daha sonra həmin şəxsi narkotik vasitələrin qaçaqmalçılığı ilə həbs etdiklərini bildirdilər”.
Ələkbər Heydərov bildirib ki, sonra onu Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin yanına aparıblar: "İlqar Əliyev bildirdi ki, Eldar Mahmudova məruzə olunmaqla çağırılmışam. O, saxta sərəncam verməklə torpaq sahələri satdığımı bildirdi. Mən ona da etiraz etdim, bu məsələyə adiyyətim olmadığını dedim. Həmin suallar üzrə bir neçə dəqiqə yenidən söhbət etdik. Mənə cavan oğlumun olduğunu dedi. Onun siqaret çəkib-çəkmədiyini, silahının olub-olmamasını soruşdu. Oğlumun maşınından silah və yaxud narkotik vasitə çıxa biləcəyini bildirdi, özümdən çox oğlumu nəzərə almağımı söylədi. İlqar Əliyevin bu sözündən həyəcanlandım. Həqiqətən də, onların istədikləri formada məni və ya ailə üzvlərimi şərləyə biləcəklərini düşündüm. Ancaq onların məhz məni çağırmalarının səbəbini, məndən konkret nə istənildiyini bilmədim”.
İcra başçısının müavininin sözlərinə görə, daha sonra İlqar Əliyev əli ilə 5 rəqəmini göstərib, 500 min manat verməsini istəyib: "Həmin məbləği düzəldə bilməyəcəyimi, imkanımın olmadığını dedim. İlqar Əliyev mənə hörmət etdiyini dedi, kağız parçasına 300 min manat yazdı, yekun rəqəm olduğunu, həmin pulu növbəti gün gətirməyimi istədi. Söhbət zamanı İlqar həmin pulun ona çatmadığını, pulun böyük hissəsinin nazir və idarə rəisinə veriləcəyini, ona az miqdarda pul qalacağını bildirdi. Bir gün ərzində həmin məbləği də düzəldə bilməyəcəyimi söylədim. Ondan mənə vaxt verməsini xahiş etdim. İlqar Əliyev pulu bir həftə sonra gətirməyimi istədi, bu barədə heç kəsə məlumat verməməyi tapşırdı. Mən də İlqarla razılaşdıqdan sonra oradan çıxdım”.
Zərərçəkmiş bildirib ki, həmin pulu tanışlarından borc alaraq bir həftə sonra İlqar Əliyevə verib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Elçin Quliyev Ələkbər Heydərovu tanımadığını, onu MTN-ə çağırılmasını xatırlamadığını bildirib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən İlqar Əliyev həbs olunduqdan sonra təcridxanada özünü asaraq intihar edib.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə həmin nazirliyin Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova da şahid qismində dindirilib.
Natavan Mirvətova ibtidai istintaq zamanı ifadəsində bildirib ki, MTN əməkdaşı, mərhum Malik Mustafayevi MTN-in Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində işlədiyi vaxtdan tanıyıb: "Malik Mustafayev hələ nazirliyin 5-ci baş idarəsində xidmət edən zaman Kadrlar İdarəsindən mənimlə əlaqə saxlayaraq onu rəisi olduğum idarəyə işə götürə bilib-bilməyəcəyim barədə soruşurdular. Mən də buna razılıq verdim. Malik Mustafayevin özü ilə də bu barədə söhbət etdim. Lakin sonradan eşitdim ki, Malik Mustafayev digər idarəyə təyinat alıb”.
Natavan Mirvətova qeyd edib ki, 3 noyabr 2014-cü il tarixdə Malik Mustafayevin intihar etməsi barədə idarədə işçilərdən eşidib: "Həmin zaman eşitdim ki, Malik Mustafayev Nazirliyin Situasiya Mərkəzinin rəis müavini vəzifəsində işləyib və son dövrlərdə həmin vəzifədən sərəncama göndərilib. Həmin vaxt mənə məlum oldu ki, Malik Mustafayevin qardaşının Milli Təhlükəsizlik Nazirliyi ilə hansısa problemi olub. Bildiyimə görə qardaşının Kərəm Həsənovla hansısa problemi olub, buna görə onu Milli Təhlükəsizlik Nazirliyinə dəvət edərək söhbət aparıblar. Malik Mustafayevin qardaşı mətbuatda Kərəm Həsənovun əleyhinə hansısa məlumatlar yazıb. Bu isə Malik Mustafayevə pis təsir edib. Malik Mustafayevin qardaşı Mətləb Mustafayevi tanımamışam. Onun barəsində istintaq baş idarəsində cinayət işi olması barədə məlumatım olmayıb”.
Natavan Mirvətova bildirib ki, rəisi olduğu idarənin 5-ci şöbəsində Mətləb Mustafayevin cinayət işi üzrə silah tədqiq olunsa da, həmin zaman Mətləb Mustafayevin Malik Mustafayevin qardaşı olması barədə məlumatı olmayıb: "Bu barədə mənə nə istintaq baş idarəsindən, nə də 5-ci şöbədən məlumat verilib. İstintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyev mənə tədqiq olunması üçün məktubla silah-sursat, əl-barmaq izləri göndərib. Mən də həmin predmetləri tədqiq olunması üçün 5-ci şöbəyə həvalə edərək araşdırmanın yekununa dair arayışı və həmin predmetləri geri qaytarmışam. Deyilən predmetlərin qaytarılma tarixi kimi məktubda 11 sentyabr 2014-cu il kimi qeyd olunubsa, çox güman ki, həmin tarixdə də yekun arayış tərtib olunaraq göndərilib. Rəisi olduğum idarədə gecikmə halları və ya geri tarixlə sənəd tərtibatı halları olmayıb”.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə ittiham aktında MTN-in əməkdaşı Malik Mustafayevin intiharı epizodu üzrə maraqlı faktlar əksini tapıb.
APA-nın məlumatına görə, ittihama görə, Elçin Quliyev Malik Mustafayevi 6 sentyabr 2014-cü il tarixdə xidməti otağına çağırıb. O, Malik Mustafayevi həmin gün saat 15.35-dən 19.05-dək qəbul edib.
Elçin Quliyev onun qardaşı Mətləb Mustafayevin əvvəllər işlədiyi Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinin baş məsləhətçisi vəzifəsində azad edilməsini əsassız hesab edib, bu barədə müxtəlif dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə ünvanlandığı davamlı şikayət ərizələrinin ayrı-ayrı yüksək vəzifəli şəxslərin təhriki ilə yazmasını iddia edib.
Malik Mustafayev qardaşının şikayət ərizəsi yazmasından xəbərsiz olduğunu desə də, Elçin Quliyev Mətləb Mustafayevin dövlət orqanlarında yüksək vəzifə tutan və sahibkarlıqla məşğul olan ayrı-ayrı şəxslərin xidməti və sosial mövqelərinə uyğun olmayan fəaliyyətlə məşğul olmaları, konkret cinayət əməlləri törətmələrinə dair həqiqətə uyğun olmayan məlumat verməsini tələb edib.
Elçin Quliyev eyni zamanda rəhbərlik etdiyi qurumda rəsmi surətdə qeydə alınmış şikayət ərizəsi, araşdırma materialı, siqnal işi olmadığı halda İlqar Əliyev vasitəsi ilə Mətləb Mustafayevin özünü də anterorr mərkəzinə çağırtdırıb.
Elçin Quliyev Mətləb Mustafayevin izahat yazmasını israr edib, əks təqdirdə onlara psixi təsir göstərərək fəaliyyətlərinə ciddi problemlər yaradacağını deyib. O, Malik Mustafayevin də xidmətdən xaric etdirəcəyini deyib.
Elçin Quliyev Malik və Mətləb Mustafayevlərin barələrində cinayət işi başladacağını, həmçinin qohumlarını da həbs etdirəcəyi ilə hədələyib. O, hər iki qardaşı cinayətkar adlandırıb, ləyaqətlərini alçaldıb. 13 sentyabr 2014-cü ildə Malik Mustafayev xidməti vəzifəsindən azad edilib.
Bundan sonra Elçin Quliyev İlqar Əliyevlə birlikdə Malik Mustafayevi yenidən xidməti otağına çağırıb. Ona mənzilində tapança aşkar olunan qardaşı Mətləb Mustafayevə köməklik edə biləcəyini xatırladıblar.
Bunun müqabilində Mətləb Mustafayev videoçəkilişlər aparmaqla yüksək vəzifəli şəxslər barədə yanlış ifadələr verməli, istintaqın sonrakı mərhələsi, məhkəmə baxışı zamanı bu qərəzli məlumatları təsdiq etməyə razı olmalı idi. Bundan imtina edəcəyi təqdirdə Malik Mustafayevi və qohumlarını həbs edəcəklərini bildiriblər.
Həmin vaxt Elçin Quliyev Malik Mustafayevin qardaşı Mətləblə İlqar Əliyevin xidməti otağında görüşməsini təşkil edib. Malik Mustafayev həmin görüşə qolu qandallı gətirilən Mətləb Mustafayevə özünün də işdən çıxarıldığını bildirib, ondan tələb olunan şərtlərlə razılaşmağı xahiş edib. Mətləb heç kimə böhtan atmayacağını deyib.
Elçin Quliyev və İlqar Əliyevin təhqirlərinə məruz qalmasından bezən Malik Mustafayev həmin ilin noyabrın 3-də yaşadığı Xətai rayonu, H. Aslanov qəsəbəsi, 8-ci dairəvi küçəsi 22 nömrəli qarajın dəmir dirəyindən özünü asıb. Elçin Quliyev və İlqar Əliyev bu əməlləri ilə Malik Mustafayevi özünü öldürmə həddinə çatdırıb.(apa)
.
