
"İlk dəfə "Sizin saat" verilişinə çıxan və sonra daha da məşhurlaşan insanlar çoxdur: Tünzalə, Abbas, rəhmətlik Hüseyn Dərya, Ədalət, Eyyub, İradə... Hüseyn Dərya bir dəfə bizim efirə çıxdı, birdən-birə məşhurlaşdı. Operatorumuzun krasofkasını çıxarıb ona geyindirdik, çünki o, efir vidində deyildi, kasıb adam idi. O, canlı efirdə 2 rep dedi. Biz efirdən çıxanda mühafizəçi dedi ki, Kamran müəllim, bayırda 500 nəfər yığışıb. Onunla Azərbaycanda rep inkişaf etdi".
Axşam.az-ın məlumatına görə, bu sözləri şoumen Kamran Həsənli "ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişində deyib.
K.Həsənli Hüseyn Dəryanın ilk konsertində yaşadığı şoku dilə gətirib:
"Hüseyn Dərya konsert verəcəkdi. Aparıcı kimi mənə müraciət etdi. Fikirləşirdim ki, Hüseyndir də, dünən 2 dənə rep deyib, 500 adam yığışmışdı, 500 də artıq olar yəqin. Əl Oyunları Sarayı da 5000 adam tutur. Stadiona yaxınlaşanda gördüm ki, polis hər yeri bağlayıb. İçəri girəndə şoka düşdüm. Uşaqlıqda gördüyüm "Bitlz" konsertlərindəki mənzərənin şahidi oldum: qızlar saç yolurdu, oğlanlar yerdə uzanmışdılar. Düşündüm ki, Azərbaycanda da belə şey ola bilərmiş. Sarayda səhnə qurulmamışdı, Hüseynin pulu da yox idi ki, səhnə qursun. Mən "Hüseyn Dəryaaa..." deyəndə, stadionda, ömrümdə eşitmədiyim yüksək səs eşitdim. Sonra rep daha da ictimailəşdi, ardınca meyxana gəldi".
Aparıcı bəzi həmkarlarını tənqid edib:
"Veriliş aparmaq xətrinə aparıcılıq etmək olmaz. Əvvəlcə o verilişin konsepsiyasını beynində hazırlamalısan, nə demək istədiyini dəqiqləşdirməlisən, sonra efirə çıxmalısan. Evdə, küçədə danışılan məsələni efirdə müzakirə etməlisən".