Paytaxtda fəaliyyət göstərən iri dükanlardan "Coca-Cola” firmasının içkiləri yığışdırılıb. Böyük marketlərin əksəriyyətində "Coca-Cola”, "Fanta” və sair içkilər kütləvi şəkildə satışdan çıxarılıb.
"Coca-Cola” firması bununla bağlı məlumat yayıb. Şirkətin Qrup Korporativ Əlaqələr üzrə direktoru Demokan Konyalıgil bildirib ki, bəzi supermarketlərdən "Coca-Cola”, "Fanta” və sair içkilərin yığışdırılmasından xəbərdardırlar: "Şirkət olaraq bəzi mağazalardan məhsullarımızın bizə məlum olmayan səbəblərdən çıxarılmasını təsdiq edir və bu halların istehlakçılarımızın narahatçılığına səbəb olduğu üçün təəssüflənirik. Biz bu halları araşdırıb həll etmək üçün müvafiq dövlət qurumlarına müraciət edəcəyik”.
Virtualaz.org saytı xatırladır ki, "Coca-Cola” ətrafındakı qalmaqal bəzi müxalif nəşrlərin bir neçə ay öncə şirkətin üzərində müxalifətçi NİDA hərəkatının loqosu olan minlərlə banka içki burazması barədə xəbər yaymasından sonra qızışmışdı. Xəbərdə deyilirdi ki, şirkət müəyyən məbləğ qarşılığında istənilən təşkilatın loqosunu məhsulun müəyyən partiyasının üzərində yerləşdirməyə imkan verən yeni kampaniyaya başlayıb. NİDA da bundan yararlanaraq özünüreklam üçün loqosunu məhsulun bankası üzərində yerləşdirib. O da bildirilirdi ki, üzərində müxalifətçi NİDA-nın loqosu olan məhsullar (say açıqlanmırdı) artıq bütün ölkənin mağazalarında satışa çıxarılıb.
"Coca-Cola” şirkəti isə o zaman bu informasiyanı təkzib edərək bildirdi ki, üzərində NİDA-nın emblemi olan bankalar saxta yolla hazırlanıb.
.