Adı Təbriz miniatür məktəbi ilə bağlı olan orta əsr miniatür sənətinin tarixini də nəzərə alsaq, qədim köklərə söykənən Azərbaycan təsviri sənəti üzrə formalaşmaqda olan sənətşünas kimi bir neçə cümlə yazmaq istərdim.

Sultan Məhəmmədin banisi olduğu Təbriz miniatür məktəbinin orta əsrlərdə bütün dünyada şöhrət tapdığı az-çox mütaliəsi olan hər kəsə məlumdur.Öz koloriti və texnikası,individuallığı, şərq motivləri ilə göz oxşayan əsərlər yaradan Sultan Məhəmməd və onun Mir Seyid Əli, Mirzə Əli, Sadiq bəy Əfşar kimi davamçıları dövrləri üçün stereotip sayılan manelərə baxmayaraq bir-birindən maraqlı və gözoxşayan günümüzdə də aktuallığını saxlayan yüzlərlə sənət nümunəsini əsrlərin ixtiyarına vermişlər. Ancaq gəlin görək sivilzasiyamızda ifrat mövhumatçılıq baryerini aşmaqla demokratik düşüncənin bərqərar olmasından sonra hansı uğurlara nail ola bilmişik ?!...

Avropadan fərqli olaraq,çox gec- XIX əsrin əvvəllərindən Mirzə Qədim İrəvani və Bəhruz Kəngərlinin yaradıcılığı ilə formalaşmağa başlayan realist rəsm ənənələrinin spesifik xüsusiyyətlərindən danışmağın absurd olduğunu nəzərə alsaq mövzu və süjet xətti etibarilə "kopya texnikası"ndan kənara çıxmayan Azərbaycan təsviri sənətinin hazırki durumunu mövcud texniki vasitələrin yaratdığı imkanlarla bağlamaq da düzgün olmazdı.Bəli, razıyam analoji vəziyyət bütün dünya incəsənətində hökm sürür.Bunun da subyektiv və obyektiv səbəbləri vardır ki klassizm zirvəsini fəth edən,impressionizm üslubunu müxtəlif istiqamətlərdə cürbəcür təfəkkür imkanlarından çıxış etməklə skeptiklərin ixtiyarına verən, kubizm texnologiyasını diqtə edən, dünya incəsənətinə şüuraltı qavrayış metodunu gətirən, surətlərin fotoqrafik əksini yaratmağın mümkün olduğunu göstərən individiumların potensial imkanları bu "stabilliyi" pozmaq üçün kifayət qədər tarixi köklərə malikdir.Yuxarıda vurğuladığım kimi tarixi az qala bir erayla ifadə olunan Azərbaycan təsviri sənətinin də ənənənələrini kiçiltmək doğru olmazdı.Lakin gəlin yaxşı götür-qoy edək bizim hansı təsviri sənət ustamız öz fərdi üslubunu coğrafi ərazi etibarilə kiçik də olsa kənara nüfuz edə bilib?... Əməkdar və xalq "təxəllüslü", yuxusunda qonq səsinə diksinən rəssamlarımızın hansı əsəri heç olmasa qonşu Rusiyanın əyalət muzeylərinin birində nümayiş etdirilir ?!... ! Tunc və dəmir dövrlərinə təsadüf edən və dünya muzeylərinin arxivlərində yatan metal nümunələrimizləmi öyünməliyik biz ?!Yoxsa tarixi mahiyyətindən savayı heç bir funksiya daşımayan zərgərlik nümunələriylə ?! Yoxsa Pazırıq xalçasının etnik mənsubiyyətini araşdırmalıyıq biz ?!

Hər bir predmetə yanaşmada onun səbəblərini araşdırmağın vacib olduğunu nəzərə alsaq, gec də olsa səhvimizi düzəldək:"cehiz" əhəmiyyətli diplomlar və "hiperrealizm" yolu

Bildiyimiz kimi Azərbaycan ali məktəblərinin incəsənət profilli ixtisaslarında təhsil alan şəxslərin əksəriyyəti qızlardır.Bu qızların bir qismi uşaqlıqda ya çəkdiyi alma şəklinin "ajiotajından" ruhlanıb, qalan illərini "əşi nəyimə lazımdır tarix, riyaziyyat, ədəbiyyat " deyərək keçirib, ya da digər ixtisasa yiyələnməyin mümkünsüz olduğunu görüb. Belə olan halda isə asan ali təhsil alma yolu olan ixtisas profillərindən birinə niyə də üz tutmasın ki ?...Hər halda gələcəkdə seçim imkanını genişləndirən diplom var axı ! Beləcə təhsil illərini başa vuran qız ər evinə dədə-baba dili ilə desək ən böyük cehizini aparmış olur.

Bu sənəti uşaqlıqdan özünə karyera kimi seçən və az-çox texniki imkanlara malik şəxslər isə təəssüflər olsun ki,əksər hallarda mütaliəsizlikdən əziyyət çəkirlər.İdeya baxımından bədii təfəkkür imkanlarının nə qədər vacib olduğunu nəzərə alsaq, dünya ədəbiyyatından xəbərsiz olan rəssamın texniki göstərciliəri təbii ki yalnız natura ilə məhdudlaşacaq.Fəth edə biləcəyi ən yüksək zirvə isə predmeti bütün detallarınadək aydın təsvir etmək olacaq.Qurduğu xəyallar şəxsi potret təklifləri ilə bağlı olan gənc rəssama daha nə lazımdır ki ?

Sahib Əsədbəyli
.