Argentinalı futbolçu L.Messinin 10 nömrəli formasının sellofandan hazırlanmış halını geyinən 10 yaşlı iraqlı Homen Əli, hələ də ən böyük arzusunun gerçəkləşmədiyini deyib. Bizimyol.info xəbər verir ki, İraqın Duhok şəhərinə bağlı olan Kesera kəndində yaşayan Əli, "Barcelona"-nın ulduz futbolçu Messiyə olan heyranlığından və sellofan formanın necə hazırlandığından danışıb.

Maddi imkanlarının çox aşağı səviyyədə olduğunu dilə gətirən Əli, atasının pulu olmadığı üçün forma ala bilmədiyini və bacısının ona sellofandan forma hazırladığını deyib. "Bacım sellofandan forma hazırladı, ayaqqabı boyasıyla Messinin adını və "10" nömrəsini yazdı".

Evlərinin ətrafında futbol stadionunun olmadığını söyləyən Əli, palçığın içində dostları ilə futbol oynadığını deyib: " Davamlı olaraq Messinin oyunlarına baxıram. İnşallah bir gün onu yaxından görərəm"

Əlinin bacısı Helin isə sellofandan hazırladığı formanın bu qədər çox insan tərəfindən görüləcəyini təxmin etmədiyini və fotonun kim tərəfindən çəkildiyini bilmədiyini deyib.

Əlinin atası Əhməd isə oğluna bir forma belə ala bilmədiyi üçün kədərli olduğunu dilə gətirib.

Xatırladaq ki, məşhur futbolçu Messi, öz "Twitter" hesabında kiçik azarkeşi tapmaq üçün kampaniya başlatmışdı.

.