İstehsalat Birliyinin ictimaiyyətə açıqladığı rəqəmlər daxili müsahibatlığa təqdim etdiyi rəqəmlərdən kəskin fərqlənir

2009-cu ildə «Azəriqaz» QSC-nin sədri Əlixan Məlikovun vəzifəsindən uzaqlaşdırılmasının başlıca səbəbi qaz itkilərinin artması idi. O zaman dövlət başçısının sərəncamı ilə QSC ləğv edildi və İstehsalat Birliyi olaraq Azərbaycan Dövlət Neft Şirkətinin balansına verildi. Keçmiş QSC sədrinin rəhbərliyi dövründə qaz itkisi qısa müddət ərzində iki dəfə artmışdı. Əgər 2007-ci ildə 556 milyon m3 olmuşdusa, 2009-cu ildə bu rəqəm 1,187 milyard m3-a çatmışdı (təqribən 30 faiz). Buna səbəb kimi xətlərin köhnəliyi, habelə abonentlərdən yığımın zəif olması göstərilirdi. Nəzərə almaq lazımdır ki, həmin vaxt abonentlərə satılan qazın 1000 m3-u 47 manat idi. O zaman struktur dəyişikliyi aparılarkən qarşıda duran əsas öhdəlik qaz itkilərini minimuma endirmək olmuşdu. Prezidentin göstərişinə görə bu rəqəm 10 faizin altına düşməli idi.

Ötən 4 il ərzində nələr baş verdi?

Qaz infrastrukturunun yenidən qurulması üçün ilk olaraq Tarif Şurası qazın 1000 m3-nu 100 manata qaldırdı, əhalinin 327 milyon manatlıq borcu silindi. «Azəriqaz» İB yeni Smart tipli sayğacın quraşdırılması üçün Fransanın «İtron» şirkətiyilə müqavilə bağladı. Uzun illər bu sahədə çalışmış mütəxəssisin Bizimyol.info-ya açıqlamasına görə, həmin sayğacın biri ARDNŞ-ə 243 manata başa gəlib.
Bununla itkiləri azaltmaq mümkün oldumu? Dövlət Statistika Komitəsinin və «Azəriqaz» İB-nin statistikasına əsasən, qaz itkilərində əhəmiyyətli dönüş edilib.
«Azəriqaz» İB-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, itkilərin azaldılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir: «Bunun nəticəsidir ki, 2013-cü ildə ölkə üzrə qaz itkisi 2012-ci illə müqayisədə 1,5 faiz azalaraq, cəmi 7,2 faiz olub». İtkilərin natural ifadəsi ilə götürsək, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə 890 milyon m3, 2013-cü ildə isə 628 milyon m3-a qədər azalıb. «Azəriqaz» itkilərin azaldılması üçün yeni qaz xətlərinin çəkildiyini, qaz kəmərləri şəbəkəsində əsaslı təmir işlərinin aparıldığını, qaztənzimləyici və siyirtmələrin, eləcə də texnoloji qaz itkilərinin azaldılması üçün qəbul-təhvil nöqtələrində yeni ölçü qovşaqları, sərfölçmə cihazları və qazın fiziki-kimyəvi göstəricilərini təyin edən təhlil avadanlıqlarının quraşdırıldığını bildirir.
Bəs bu rəqəmlər reallıqla səsləşirmi? «Azəriqaz»ın öz «mühasibatlığı» üçün nəzərdə tutulan sənədin təhlili göstərir ki, yuxarıdakı statistika ictimaiyyət üçün nəzərdə tutulmuş «reklam» göstəricisidir. Qaz satışı və itkilərinə dair əldə etdiyimiz sənəddə 2013-ci ildə itkilərin 12 faizdən aşağı olmadığını göstərir. Doğrudur, sənədlər 2013-cü ilin iki ayını- iyul və dekabr, 2014-cü ilin isə yanvar və fevral aylarını əhatə edir. İlin bütün aylarına dair göstəricilər olmasa da, bu aylar kifayət edir ki, ətraflı təhlil aparılsın.
Məsələn, 2013-ci il ölkə üzrə qaz itkisi iyul ayında 12,8 faiz, dekabr ayında isə 18,8 faiz olub. Rayon və şəhərlər üzrə itkilərin necə olmasına gəlincə, aşağıdakı şəkildə yer alan cədvələ (1) nəzərə yetirək (cədvəl-şəkil məqalənin aşağısındadır)...
Daşkəsən, Lerik, Ağdamı, Hacıqabul, İmişli kimi rayonlarda isə itkiləri normada hesab etmək olar. 2013-cü ildə qaz itkiləri 2012-ci illə müqayisədə azalıb. Məsələn, ən az təbii yanacaq sərfiyyatı olan aylardan iyulda 2012-ci ildə 19 faiz olubsa, 2013-cü ildə bu rəqəm 12,8 faizə qədər düşüb. Adının çəkilməsini istəməyən mütəxəssisin sözlərinə görə, 2012-ci ildə isə bu rəqəm daha yüksək olub. Ekspert deyir ki, qaz itkisinin azalmasının səbəblərindən biri Smart sayğaclarının genişləndirilməsi və hava şəraitinin mülayim keçməsi ilə bağlı olub. Təkcə, ötən ilin dekabr ayında qaz itkisindən dəyən zərər 14,8 milyon manatdan yüksək olub. Bunu ümumi respublika üzrə hesabamaq bir qədər çətindir. Çünki əlimizdə olan rəqəmlər rəsmi statistikadır. Əgər «Statkomun» hesabladığı itkilərə görə götürsək dəyən ziyan 68,3 milyon manat edir. Amma real rəqəmlər zərərin daha böyük olduğunu deməyə əsas verir. Əgər ən az qaz istifadə edilən yay aylarında itki 12 faizdən çox, ən çox sərfiyyatı olan qış aylarında 19-22 faiz arası olubsa, ölkə üzrə qaz itkisinin 16-18 faizdən az olmadığını deyə bilərik. Mütəxəssis bildirir ki, hətta 2012-ci ilə ölkə üzrə itki 20-25 faizdən az olmayıb. Statistika Komitəsinin qaz hasilatı və istehlakına dair rəqəmlərinə əsasən hesablasaq, burada Əlixan Məlikovun dövründəkindən də yüksək itkilərdən söhbət gedir.

Ötən il qaz itkisi 1 milyard m3-dan az olmayıb

Belə ki, «Statkom»un məlumatına görə, 2012-ci ildə 10,3 milyard m3 qaz istehlak edilib. (Onun 3,6 milyard m3 əhali qrupu üzrədir). Belə olan halda, ən yaxşı halda 1,2 milyard, ən pis halda isə 2 milyard m3 itkidən söhbət gedir.(rəsmi olaraq ki, 890 milyon m3 göstərilir). Mütəxəssisin sözlərinə görə, Ə.Məlikovun rəhbərliyi dövründə də rəqəmlərin rəsmi statistikada dəfələrlə azaldıldığını nəzərə alsaq, keçən müddət ərzində itkilərin aşağı düşdüyünü demək olar. Bu sahədə irəliləyiş, xüsusilə əhali qrupunda gözünü göstərir. 2013-cü ildə isə 16-18 faiz arası olduğunu nəzərə alsaq, itkilərin 1 milyard m3-dan çox olduğunu demək olar.
«Azəriqaz»ın keçmiq idarə rəisi Nüsrət Qasımovun fikrincə, rəsmi açıqlanan 7,2 faiz itkinin özü belə çoxdur: «Sovet dönəmində 2-2,5 faiz itki olanda bizi məhşər ayağına çəkirdilər ki, itki çoxdur. O vaxt daha ciddi yoxlanılırdı, amma buna baxmayaraq, qaz itkiləri olurdu. Bunun da obyektiv və subyektiv səbəbləri var idi».
/Bizimyol/
.