"Apple” şirkətinin təsisçilərindən biri olan Stiv Voznyak deyib ki, "gələcək insanlar üçün pis və qorxulu olacaq”.
Stiv Voznyak bu həftə verdiyi müsahibələrdən biri ilə "Süni zəka haqqında qorxulu proqnozlar verən supervarlı texnoloqlar”ın (The Super Rich Technologists Making Dire Predictions About Artificial Intelligence) klubuna qoşulmuş olub. Ondan əvvəl Bill Geyts, Stefan Haukinq və Elon Muk artıq bu kluba üzv idilər.

Biz allahlarmı olacağıq, qarışqalarmı?

S.Vozniak Avstraliyanın "Financial Review” məcmuəsinə müsahibəsində deyib ki, robotlar insan irqini üstələyəcək.
"Stefan Haukinq və Elon Muk kimi mən də proqnoz verirəm ki, gələcək insanlar üçün çox qorxulu və pis olacaq. Əgər biz bizim üçün bütün işləri görən bu cihazları yaradırıqsa, son nəticədə onlar bizdən daha sürətli düşünməyi öyrənəcək və şirkətlərin daha səmərəli işləməsi üçün astagəl insanlardan izal olacaqlar” - deyib Voznyak.
Voznyak oxucularını lap Halovin gecələrindəki uşaqlar kimi qorxutmağa çalışıb: "Belə bir şəraitdə biz allahlarmı olacağıq, yoxsa ev heyvanlarımı, yoxsa da tapdaq altda qalan qarşıqalarmı, bax, burasını bilmirəm…”
O deyib ki, hər ehtimala qarşı öz iti ilə mehriban davranmağa çalışacaq.

İnsan zəkası aciz qalacaq

Voznyak bildirib ki, o, bu fikrə sadə bir hesablama nəticəsində gəlib: "Əgər kompütrer prosesinin sürəti hər il iki dəfə artırsa, müəyyən məqamda silikon tranzistorlarının ölçüsü atom qədər kiçik olacaq. Əgər ölçü bundan da az olsa, onda söhbət artıq subatom hissəciklərindən gedəcək, yəni kvantdan. Bu isə hələlik insanlar tərəfindən öyrənilməyib”.
"Financial Review” yazır: "Voznyakın proqnozu o deməkdir ki, iş adamı əvvəlki mövqeyini 180 dərəcə dəyişib.
O, bundan əvvəl Ray Kurzvelin belə bir nəzəriyyəsini rədd edirdi ki, supercihazlar bir neçə onillik ərzində insan zəkasını kölgədə qoyacaq.
"Kompüterlər insanlara üstün gələcəklər” - deyir Voznyak.
O deyir ki, bu, elmin məntiqi inkişafıdır, lakin sonunda insan, zəkaca özündən yüksəkdə duran zəka yaradacaq”.

"Biz İblisi çağırırıq”

Yanvar ayında Bill Geyts yazırdı: "Mən superzəkadan narahat olanların düşərgəsindəyəm”.
Ondan bir ay əvvəl isə Haukinq demişdi ki, süni zəka insan irqinə son qoyacaq.
Britaniya ixtiraçısı Kayv Sinsleyr BBC-yə deyib ki, onun fikrincə, süni zəka bəşəriyyətin axirəti olacaq.
Muk isə ötən oktyabrda keçirilən bir simpoziumda söyləyib ki, "süni zəka yaratmaqla biz İblisi dəvət edirik”.
Onun fikrincə, filmlərdə olduğu kimi "pentaqram və müqəddəs su” vasitəsilə İblisdən yaxa qurtarmaq mümkün olmayacaq..