Ələt-Astara magistralının Salyan rayonunun Çuxanlı kəndi ərazisindən keçən hissəsində yol qəzası qeydə alınıb.
ARB TV xəbər verir ki, "Mersedes” markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən ara məsafəsi az olduğundan "VAZ-2107” markalı avtomobil arxadan ona, "Niva” markalı avtomobil də "VAZ-2107”yə çırpılıb.
Zəncirvari qəza nəticəsində hər 3 maşın ciddi zədələnib. Hadisə zamanı "Niva”nın sürücüsü, Salyan sakini 40 yaşlı Aləddin Zeynalov, "VAZ-2107”-də olan sərnişinlər- Şirvan sakini 61 yaşlı Əliabbas Məmmədov, Salyan sakinləri, 57 yaşlı Şəmsi Dadaşov və 49 yaşlı Əfqan Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanada onlara tibbi yardım göstərilib.
İlqar Ağabəyov -həkim: "Bir xəstədə sol mil sümüyün tipik yerdən sınığı. Sınıq repozisiya edilmiş gips sarğısı qoyulmuş və xəstə ambulator müalicəyə alınmışdır”.


