Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 dayısını diri-diri yandıran gəncin məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən əməkdaşı xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən 1991-ci il təvəllüdlü Əsgəralı Abbasov ifadə verərək özünü təqsirli hesab etdiyini deyib.
Məhkəmənin gedişində təqsirləndirilən şəxsin anası ifadə verərəkən zalda əyləşən zərərçəkmişlərin yaxınları etiraz ediblər. Onlar Ə.Abbasovun anasının doğru ifadə vermədiyini deyib. Tərəflər arasında söz davası başlayıb. Tərəfləri sakitləşdirə bilməyən hakim məhkəməni iyunun 30-na təxirə salıb.
Məhkəmə zalını tərk edən tərəflər bayırda əlbəyaxa olublar. Polis tərəfləri zorla sakitləşdirə bilib.
Xatırladaq ki, Əsgəralı Abbasov bu ilin fevral ayının 7-də Sumqayıt şəhəri, Corat bağlar sahəsində bağ evində dayıları Dünyamalı, Yadigar və Ağamalı Mirzəyevi diri-diri yandırmışdı. Xızı rayon sakini olan Əsgəralı Abbasov sərxoş vəziyyətdə olan dayıları ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onu söyüb təhqir etdiklərinə görə qisas almaq məqsədi ilə dayılarının yaşadıqları bağ evini yandırmışdı.
.