Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Mirhüseyn Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində 25 ildir ki, narkotik istifadəçisi olduğunu göstərib.
"Əvvəllər Moskva şəhərində sürücü işləmişəm. Bakıya gələndən sonra işləmirəm. Ailə üzvlərim də narkotik vasitələrdən istifadə etdiyimi bilirdilər. Özüm də seyidəm, heç vaxt yalan danışmamışam. Allaha and olsun ki, məni saxlayanda üstümdə cəmi iki bükümlük "mal” olub. Amma yazıblar ki, guya 31 qram heroinlə saxlanılmışam.
Mən istifadəçiyəm, narkotikin satışı ilə məşğul olmuram. Üstümdən tapdıqları heroini Sumqayıtdakı 13-cü mikrorayon adlanan yaşayış massivindən almışam. Satanın adını bilmirəm . Amma üzdən görsəm tanıyaram. Ona 60 manat pul verib, iki büküm heroin almışdım. Bükümün biri 30 manat idi. Dostum, yaxınım olan Nurəddin Qafarovla gedirdik. Bizi tutdular. Bölmədə başımıza oyun açdılar. Mənə qarşı qəsdi-qərəzlikləri vardı. Dedim ki, Nurəddini buraxın, cavandır, ailəsi, balaca körpələri var, mənə neyləyirsiniz eləyin. Nə verdilərsə, qol çəkdim. Nurəddini buraxdılar. Sonradan oxuyuram ki, guya məndə 31 qram heroin tapıblar.
Peşmanam, altı aya yaxındır ki, həbsdəyəm. Ağrılarım olur, xəstəxanada müalicə almışam. İçəridən çıxsam, istifadə etməyəcəm” - deyə təqsirləndirilən şəxs ifadəsində bildirib.
Məhkəmə prosesi iyunun 10-da davam edəcək.
Qeyd edək ki, bu ilin fevral ayında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər sakini Mirhüseyn Bağırov adlı şəxsin üzərində axtarış aparıblar. Axtarış zamanı onun üzərindən 31,377 qram narkotik vasitə - heroin aşkar edilib. M.Bağırov Cinayət Məcəlləsinin 234.4.3-cü (tamah məqsədilə narkotik maddələrin satışı) maddəsi ilə ittiham edilib.

.