2023-cü il üçün gəlirlər üzrə siyasətin əsas istiqamətləri açıqlanıb.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, növbəti ildə gəlir siyasətinin aşağıdakı istiqamətlərdə həyata keçirilməsi nəzərdə tutulur:

- İşğaldan azad edilmiş ərazinin rezidentlərinə münasibətdə vergi güzəştlərinin müəyyən edilməsi;

- Kənd təsərrüfatı məhsullarının istehsalçıları üzrə əlavə vergi güzəştlərinin müəyyən edilməsi;

- Əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlirin vergidən azad olunması;

- Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən orqan (qurum) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsinin ƏDV-dən azad olunması;

- İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üzrə ƏDV-dən azad olmanın əlavə 1 il artırılması;

- Dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq 01.01.2023-cü ildən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus hüquqi şəxslər özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq əmlak və torpaq vergilərindən azad olunması;

- Müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində əsas vəsaitin qoyulmasının (əsas vəsaitin pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb edilməsi, digər əmlak üzrə isə ƏDV-dən azadolma rejiminin tətbiqi;

-20 Yanvar şəhidlərinin övladlarına əmək haqqı gəliri ilə bağlı güzəştlərin verilməsi;

- Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində alınan mallara görə ödənilmiş ƏDV-nin qaytarılan hissəsinə yenidən baxılması;

- Şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 800 manat məbləğində azaldılması;

- Vergi ödəyicisinin bank əməliyyatları aparan şəxslər də hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbinin ləğv edilməsi və hesabların vergi ödəyicisinin birbaşa bank əməliyyatları aparan şəxslərə müraciəti əsasında açılması;

-Nəzarət-kassa aparatının çeklərində göstərilən məlumatların dəqiqləşdirilməsi; ƏDV məbləğinin alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gün ödənilməsi barədə tələbin yumşaldılması;

- Vergi ödəyiciləri tərəfindən vergi hesabatlarının təqdim edilməsi mexanizminin təkmilləşdirilməsi.

Gələn ilin büdcəsinin gəlir və xərcləri açıqlanıb

2023-cü il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30720,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 1522,9 milyon manat və yaxud 5,2 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 4324,4 milyon manat və yaxud 16,4 faiz çoxdur. Növbəti ildə dövlət büdcəsinin xərcləri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 996,2 milyon manat və ya 3,1f aiz artımla 33300,0 milyon manat proqnozlaşdırılır ki, bu da, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 5877,6 milyon manat və yaxud 21,4 faiz çoxdur.

2023-cü ildə dövlət büdcəsinin kəsiri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 526,7 milyon manat və ya 17,0 faiz az olmaqla 2579,3 milyon manat (ÜDM-dəxüsusi çəkisi 2022-ci illə müqayisədə 0,3 faiz-bənd az olmaqla 2,4 faiz) proqnozlaşdırılır.

Gələn il Azərbaycan neftinin büdcə qiyməti 50 dollar olacaq

2023-cü ildə xam neftin bir barelinin orta illik ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürüləcək.

Bu, Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bu, 2023-cü il dövlət büdcəsinin gəlirləri ÜDM-nin 29,0 faizi həcm dəyəri 30720,7 milyon manat nəzərdə tutulur ki, bunun da 53,0 faizi və ya 16297,0 milyon manatı neft sektorunun, 47,0 faizi və ya 14423,7 milyon manatı qeyri-neft sektorunun payına düşür.

Gələn il üçün təhsil və səhiyyə xərclərinin poroqnozu açıqlanıb

Azərbaycanda 2023-cü il üçün təhsil və səhiyyə sahəsinə nə qədər vəsait xərclənəcəyi ilə bağlı proqnoz açıqlanıb.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Gələn il Azərbaycanın dövlət büdcəsində təhsil xərclərinin 4 403,8 milyon manat olması gözlənilir.

2022-ci il üçün bu vəsait 3 886,6 milyon manat olub.

Səhiyyə xərclərinə isə cari illə müqayisədə 11,5 faiz və ya 196,3 milyon manat çox vəsait proqnozlaşdırılıb.

Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini 235,3 milyon manat artırır

Gələn il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 320,1 milyon manat proqnozlaşdırılır.

Bu, Maliyyə Nazirliyinin 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Bu, 2022-ci illə müqayisədə 235,3 milyon manat, yaxud 4,6 faiz çoxdur.

Gələn il Azərbaycan 1 milyard manat borc qaytaracaq

Azərbaycanda 2023-cü ilin dövlət büdcəsində dövlət borcun və öhdəliklərinə xidmətlə bağlı xərclərin 1 005 milyon manat olması nəzərdə tutulub.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 43,9% azdır.

Gələn il borc xərcləri büdcə xərclərinin 3%-ni təşkil edəcək.

Gələn il manatın məzənnəsi sabit qalacaq

2023-cü ildə makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəklənəcək.

Bu barədə 2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada bildirilir.

Qeyd olunur ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.

Eyni zamanda, inflyasiya səviyyəsinin tənzimlənməsi ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcək. Proqnozlara əsasən növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin artaraq 2026-cı ildə 91,9 mlrd. manata, xərclərinin isə 89,2 milyard manata qədər yüksəlməsi gözlənilir.

.