Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) koronavirus əleyhinə peyvənd olunan sərnişinlər üçün məhdudiyyətləri yumşaldan və ya tamamilə ləğv edən ölkələrin sayında artımın olmasını alqışlayıb.

Bu barədə IATA-nın hüsabatında qeyd olunub.

Bildirilib ki, artıq 20-dən çox ölkədə bu cür addımlar atılıb. Peyvəndləmənin mümkün olmadığı hallarda, bunun müvafiq COVID-19 testi vasitəsi ilə təmin edilməsi tövsiyə edilib.

Assosiasiya tərəfindən aparılan sosioloji araşdırmaya görə, beynəlxalq uçuşlarda sərnişinlərin 81 faizi "səyahət etmək üçün peyvənd olunmaq istədiklərini ifadə ediblər. Eyni zamanda, respondentlərin 74 faizi bütün peyvənd olunan insanların məhdudiyyət olmadan səyahət etmələrinin zəruriliyini qeyd ediblər.

Respondentlərin 89 faizi isə qlobal səviyyədə standartlaşdırılmış COVID-19 testinin və ya peyvənd sertifikatının tətbiq edilməsini dəstəkləyib. Sorğu iştirakçılarının 84 faizi sağlamlıqlarını təsdiqləyən tətbiqetmənin smartfonda quraşdırılmasını arzu edib.

.