"Nə binadakı mətbəxlərdən, nə də ayaqyolundan istifadə edə bilmirik.Bir məmur istəyirik, ailəsi ilə köçsün bu binaya, çox yox, bircə gün burada yaşasın”.
Sumqayıt şəhəri, 42-ci məhəllədəki 5 saylı binanın sakinləri "Azadlıq” radiosuna uzun illərdir ki, qəzalı binada yaşamalarından şikayət ediblər.
Sakinlərin deməsinə görə, binada 170 ailə yaşayır və bu qədər ailə özünü hər gün təhlükə altında hiss edir.
Bina sakini Elsevər Həsənovun dediklərindən: "Gəlib baxıb, yazıb-pozub, ölçüb-biçib gedirlər. Ancaq işi nə vaxt görəcəklər - bilinmir. Tavanlar başımıza şökür, döşəmələr çürük-çürük, pilləkənlər sınıq-sınıq... İllərdir ki, zülm çəkirik. Fövqəladə Hallar Nazirliyi yıxır icra hakimiyyətinin üstünə, icra hakimiyyəti də başqa qurumun. Güdaza gedənsə biz olacağıq”.
Şikayətçilərin sözlərinə görə, nə vaxtsa binada ciddi təmir işləri aparıldığının şahidi olmayıblar. 80-ci illərdə dəhlizin divarları və blokun giriş qapısı rənglənib, vəssalam.
Sakin Asya Xəlilova deyir: "Ara-sıra hərə öz evində yüngülvari təmir işləri aparır. Ancaq bununla iş bitmir. Bina ciddi təmir istəyir. Ayaqyolular, hamamlar, mətbəxlərlər pis gündədir. 170 ailə hamam üçün qohum-qonşu ünvanına üz tutur. Yeməyi, çayı darısqal otaqlarımızda hazırlamalı oluruq. Paltarı dəhlizdə yuyuruq. Ayaqyolu işimiz isə lap dəhşətdir. Təsəvvür edin, 170 ailənin yaşadığı binada ayaqyolundan istifadə olunmursa, adamlar təbii ehtiyaclarını necə ödəməli olurlar?”
Sakinlər deyir çoxdandır ki, binaya qaz verilişi də dayandırılıb. Yerli qaz istismar sahəsi bunu binanın qəzalı vəziyyətdə olması ilə əlaqələndirib.
Sakinlər Fövqəladə Hallar Nazirliyindən kömək istəyiblər. Nazirlik isə geri məktub yazıb ki, binaya keçirilən baxış zamanı həqiqətən də yaşayış üçün yararsız olduğu müəyyən edilib.
Nazirlik mütəxəssisləri bunu binada əvvəllər aparılmış təmir işlərinin keyfiyyətsizliyi ilə əlaqələndirib. Nazirlik sakinlərin yadına salıb ki, binanın dam örtüyü, kanalizasiya sistemi, işıq, qaz, su xətləri dəyişdirilməli, bloka girişlər yenidən qurulmalıdır.
Bir səhifəlik məktubun sonunda yazılıb: "Binanın texniki vəziyyəti barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyətinə müraciət olunmalıdır”.
Sakinlər isə yerli icra hakimiyyətinə elə FHN-lə eyni vaxtda müraciət ediblər.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, "Azərdövlətlayihə” İnstitutunun mütəxəssisləri bir neçə ay əvvəl binaya baxış keçiriblər. Binanın yaşamaq üçün yararsız olması barədə rəy hazırlanıb. Yaxın vaxtlarda binanın əsaslı təmiri ilə əlaqədar icra hakimiyyəti tərəfindən Nazirlər Kabinetinə müraciət olunacaq.
.
