Penitensiar Xidmət Qurban Məmmədovun dediklərini və QHT-nin yaydığı məlumatları təkzib edir
"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı 14 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) dustaqlara mənfi münasibəti pisləyən bəyanat yayıb.
Bəyanatda bildirilir ki, 2014-cü il dekabrın 22-də bu həbsxanada məhkum Elşad Babayevin işgəncə ilə qətlindən sonra vəziyyət gərgin olaraq qalır: "Bu həbsxanada qətl hadisəsinə etiraz edən məhbusların özləri işgəncələrə məruz qalıb, karserə salınıblar. Rəhbərlik baş vermiş cinayətin üstünü açmaq əvəzinə, göstərdikləri həmrəyliyə görə dustaqları davamlı işgəncəyə məruz qoymaqda ittiham edir. Həmrəylik göstərdiklərinə görə 16 dustaq karserdədir. Daha 10 dustaq "tubzona" kimi tanınan vərəm dispanserində saxlanır. Onlarla bağlı hərhansı məlumat yoxdur və hətta ailələrilə görüşə belə icazə verilmir. Ailə üzvləri qeyd ediblər ki, dustaqların "tubzona"ya aparılmaları onlara verilən işgəncə faktlarını ört-basdır etmək üçündür. Məhbusun işgəncə ilə öldürülməsi, cinayətin üstünü açmaq əvəzinə qalan məhbuslara işgəncə verilməsi, gizlədilərək ailə üzvlərilə görüş verilməməsi insanlıq adına utanc və biabırçılıqdır".
Alyans Qırmızı Xaç Komitəsinə, ATƏT-in Bakı ofisinə, Ombudsmana, Ədliyyə Nazirliyi yanında İctimai Komitəyə, hüquq müdafiəçilərinə müraciət edərək, 14 saylı həbsxanada karserdə və vərəm dispanserində olan dustaqlarla görüşməyə,onların durumları haqda ictimaiyyətə bilgi verməyə çağırırlar.
Sənəddə 14 saylı həbsxanada işgəncəyə məruz qalanların çoxunun dindarlar olduğu xatırladılaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə burada din və insanlıq adına həqarət olan hadisələrə müdaxilə etməsi çağırışı səsləndirilir.
12 keçmiş vicdan məhbusunun yaratdığı "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı bu bəyanatı imzalayan müəlliflər-dustaq Elşad Babayevin qatillərinin aşkara çıxarılıb cəzalandırılmasını, məhbuslara qarşı insan ləyaqətini alçaldan zorakı və işgəncə hərəkətlərinə son qoyulmasını tələb edirlər.
Xatırladaq ki, Prezidentin əfv sərəncamı ilə azadlığa çıxmış tanınmış vəkil Qurban Məmmədov da "müsavat.com"a müsahibəsində 14 saylı cəzaçəkmə müəssisəsində məhkumların vəhşicəsinə döyüldüyünü, işgəncələrə məruz qaldığını bildirib. O, 700-dən artıq məhkumun xəsarət aldığını, bir neçəsinin daxili orqanlarının dağıldığını deyib. Q.Məmmədov Elşad Babayevin döyülərək qətlə yetirildiyini vurğulayıb.
"Bizim Yol"un əməkdaşı Alyansın bu bəyanatı və Qurban Məmmədovun dedikləri ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu göndərib.
"Özünü "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Birliyi adlandıran ictimai qurum heç bir qeydiyyatdan keçməyib. Vaxtaşırı düzgün, əsassız olmayan məlumatlarla məhkumların adından çıxış ediblər",-deyə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə sorğuya cavabında bildirilir.
Qeyd edək ki, dekabrın 22-də 14 saylı CÇM-də bəzi məhbusların etiraz aksiyası keçirməsi haqda məlumat yayılıb. Məlumatlarda etiraza səbəb kimi 31 yaşlı məhbus Elşad Babayevin karserdə işgəncə ilə öldürülməsi göstərilirdi.
.