Mikroavtobus aşdı, 10 nəfər yaralandı.
Salyanda sərnişin daşıyan mikroavtobus aşıb, 10 nəfər Neftçala rayon sakinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
CTV (Region TV) xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Salyan-Neftçala marşrut xətti ilə sərnişin daşıyan Elman Məmmədov idarə etdiyi "Ford” markalı mikroavtobusu ilə hərəkətdə olarkən hava dumanlı olduğundan qarşıdan keçən iribuynuzlu heyvan sürüsünü vurub.
Hadisə zamanı idarəetməni itirən mikroavtobus yolun kənarına aşıb. Qəza nəticəsində mikroavtobusda olan 13 sərnişindən 10-u müxtəlif dərəcəli yüngül xəsarət alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Heyvan sürüsündəki inəklərdən biri tələf olub, digəri isə yaralanıb.
Elman Məmmədov – sürücü: "Heyvanı vurmamaq üçün əyləci basdım. Avtomobil fırlanaraq heyvanlardan ikisinə dəydi.”
Ramazan Əhmədov - həkim: "Onlara ilkin tibbi yardım göstərilib. Bəziləri ambulator tibbi yardım alaraq evə buraxılıb, bir nəfər isə müayinədədir.”
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
