Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən terror nəticəsində həyatını itirənlərdən 27-sinin şəxsiyyəti müəyyən edilib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terror qurbanı olanlardan biri də Yusif Haznedaroğludur. Məlumata görə, Y.Haznedaroğlunun 10 gün sonra toyu olacaqmış.

Bu barədə Tibbi Ekspertiza Mərkəzinin önündə Yusifin cəsədini təhvil almaq üçün gözləyən qayınanası məlumat verib. Onun sözlərinə görə, Haznedaroğlu hava limanının işçisi olub. 
"Əvvəlcə ağır yaralı olaraq gətirmişdilər. Vəziyyəti ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb. İş saatı bitibmiş, o da qapının qarşısında xidməti avtobusu gözləyirmiş. İş saatı bitməsəydi nə ona, nə dostlarına bir şey olardı”, - deyə mərhumun qayınanası bildirib.



Terror hadisəsində həyatını itirənlərdən biri də gömrük mühafizəsinin əməkdaşı olub. Belə ki, terroristlərdən biri polis postunu keçib gömrük postuna yaxınlaşıb. Bu zaman kamikadzeyə atəş açan Umut Sakaroğlu onun özünü partlatması nəticəsində həyatını itirib.


Terror qurbanları arasında Ertan An adlı tərcüməçi də olub. Evli və 1 uşaq atası olan Ertan gəzdirdiyi turistləri hava limanına gətiribmiş. Bu ərəfədə isə partlayış olub və o vəfat edib. Onu da bildirək ki, Ertan Anın həyat yoldaşı 6 aylıq hamilədir.

.