"Crocus City Hall"dakı terror aktından sonra dəymiş real zərər 10 milyard rublu (107 milyon dollardan çox) ötə bilər.

Bu barədə sığorta bazarındakı mənbələrdən "TASS" agentliyinə məlumat verilib.

"Real zərərin 10 milyard rubldan çox olduğu qiymətləndirilir, lakin sığortalanmış zərərin məbləği hələlik məlum deyil, o əhəmiyyətli dərəcədə az ola bilər. Araşdırma və zərərin sonradan ödənilməsi iki ilə qədər çəkə bilər", - müsahiblərdən biri agentliyə deyib.

Onun sözlərinə görə, bu cür zərərin qiymətləndirilməsi uzun müddət çəkir, bu, zərərin böyüklüyü və konstruksiya xüsusiyyətlərinin müfəssəl qiymətləndirilməsi ilə bağlıdır. Belə ki, binanın digər hissələri də yanan maddələrlə zədələnib, yüksək temperatur isə qonşu binalarda da metal konstruksiyalarının möhkəmliyini poza bilər.

Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 140 nəfərə çatıb.

Son məlumatlara görə, terror aktında 360 nəfər xəsarət alıb.

 

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.

.