Gürcüstan Prezidenti Salome Zurabişvili ikinci müddətə ölkə prezidenti seçilmək niyyətində olduğunu bildirib.
O bu barədə Fransanın “Le Figaro” qəzetinə müsahibəsində danışıb.
“Gürcüstanın Avropa yoluna qayıtması üçün üzərimə böyük məsuliyyət götürməyə, eləcə də ikinci müddətə namizədliyimi irəli sürməyə hazıram. Təklif etdiyim xartiya (seçkilərdə qələbə halında müxalifət üçün fəaliyyət planı – red.) işə yarasa, avropalı tərəfdaşlarımızla danışıqlar aparmağa hazıram”, - deyə Zurabişvili qeyd edib.
Xatırladaq ki, 72 yaşlı S.Zurabişvili 2018-ci ilin dekabrından Gürcüstan prezidentidir. Onun səlahiyyətləri cari ilin payızında başa çatır. Ölkədə parlament seçkiləri isə oktyabrın 26-da baş tutacaq.
Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, gələcək prezident sözügedən seçkilərdən sonra deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək.
.