"Tramp daha böyük pullar üçün müharibələri dayandıra və ya daha böyük pullar üçün müharibələri alovlandıra bilər"
Yenizaman.az Teleqraf.com-a istinadən media eksperti Zeynal Məmmədli ilə müsahibəni təqdim edir.
- Zeynal müəllim, hazırda fəaliyyətiniz nədən ibarətdir?
- Mənim artıq təqaüd yaşımdır. Müxtəlif media qurumlarından mənə mütəmadi zənglər edirlər, xüsusilə, televiziya proqramları haqda fikirlərimi öyrənirlər. Özümün də media ilə bağlı məqalələrim, kitablarım var. İşlər hazırda bu cür gedir.
- Yəni rəsmi iş yeriniz yoxdur?
-"Azadlıq” radiosu ilə bağlı məsələyə aydınlıq gətirilsə, əminəm ki, yenə də iş yerim ora olar.
- Siz Bakı Dövlət Universitetində dərs deyirdiniz...
- Yox. Mən 2012-ci ildə öz ərizəmlə universitetdən ayrıldım.
- Faktiki işləmirsiniz. Bu insan yaşamına təsir etmirmi?
- Təbii ki, təsir edir. Xüsusilə son zamanlar. Ancaq həm də təqaüd yaşındayam. Övladlarım, ailəm var. Biz həmişə işləmişik. Birdə ki, tərcümə edirsən və s. Yəni bu baxımdan çox da kritik durumda deyiləm.
- Yaradıcılıq sahəsində hansı yenilikləriniz var?
- Mən son illər dərs vəsaitləri hazırlamışam. Həm gerçək müəllif kimi özüm hazırlamışam, həm də kollektiv şəkildə belə işlərimiz olur. Bu iş davam edir və yaxınlarda kitablar çıxmalıdır. Ancaq ayrıca mənim özümü narahat edən məqam mediada etika məsələsidir. Söhbət çağdaş medianın etikasından gedir. İnformasiya kommunikasiya vasitələri, sosial şəbəkələr, bloggerlik jurnalistikada özünü doğrumu təsdiq etdi? Yəni çox mübahisəli məsələlər var. Medianın özünün dünyada konfidensallaşması, rəngi məsələsi var. Bir çox ölkələrdə, xüsusilə plüralizmin olmadığı yerlərdə bulvar mediasının inkişafı, bizim peşəmizin gələcəyi məsələsi var. Üstəlik sosial şəbəkə olduğu halda az qala insanlar jurnalistə, redaktora çevrilə-çevrilə gedir, "peşəkar jurnalistikanın axırı necə olacaq" kimi məsələlər ortaya çıxır. Mən hazırda bununla bağlı yazıram. Düşünürəm ki, mən həm keçmişdən gələn adamam, həm də bu günün adamıyam, amma qeyd etdiklərimi yazmasam, "gələcək həmkarlarım necə olacaq" məsələsini də düşünürəm. Mən iddialı səslənsə də, ortaya Yol xəritəsi qoymaq istəyirəm və buna can atıram.
- Zeynal müəllim, dünyada və yaxın regionda baş verən məsələlərə də münasibətiniz öyrənmək maraqlı olardı. Türkiyədə müşahidə olunan durum, baş verən hadisələr sizdə hansı təəssüratlar yaradır?
- Türkiyədə baş verənləri ürək ağrısı ilə müşahidə edirəm. Ancaq mən bu sualları dolğun qiymətləndirəcək peşənin sahibi deyiləm. Yalnız öz fikrimi deyə bilərəm. Dünyada xəritələr, iqtisadi güclər, korporasiyalar var. Dünyanı idarə etmək uğrunda mübarizələr, planlar var. Ərəb şərqində neft erası bitənə qədər tam təlatümlər var. Artıq ənənəvi enerji qaynaqlarının ömrünə uzun müddət qalmayıb. Bizim coğrafiya və ərəb düzəni ənənəvi enerji qaynaqları məkanına daxildir. Hesab edirəm ki, indi müşahidə edilənlər son qarın ağrılarıdır. Amma bu qarın ağrılarının əvəzinə enerji resurslarına nəzarət edən dövlətlər dil tapsaydı, bir-birinə hörmətlə yanaşsaydı, özləri üçün bazar yarada bilsəydi, görün, nə qədər dəyişiklik olardı. Mən onlara da özümüz kimi ağıl, rasional beyin arzulayıram. Suriyanın, Misirin çox gözəl ziyalıları var idi. Amma birlik, cəmiyyət ruhu olmadığından, görün, nə vəziyyətə düşdülər. Hərə öz faciəsini bilsə, heç olmasa, onu komediya olmasa da, drama çevirə bilər.
- Sizcə, niyə Ankarada Rusiya səfirinin öldürüldü?
- Bu siyasətdir və mənim anlamadığım sahədir. Əlbəttə, bu hallar məni narahat edir, bu istiqamətdə mediada gedən yazıları, informasiyaları bilirəm. Bu dünyada ənənəvi baş verən hadisələrdir. İlk baxışdan adama asan gəlir, məsələn, bunu Qərb edə bilər ki, rus-türk münasibətləri yaxınlaşmasın. Və ya bunu Rusiyanın özü edə bilər ki, Tramp gəldi, sanksiyalar götürüləcək, Türkiyə daha bizə yük olmasın və s. Yəni min cür iddia, versiya demək olar. Ancaq buna yenə də ənənəvi enerji qaynaqları, din, dünyanın yeni şəkillənməsi prizmasından da baxmaq olar. Bütün hallarda çıxış yolu nədir? Odur ki, insanlar, xüsusilə dövlət başçıları barış və sülh siyasətinin mahiyyətini anlasın. İnsanları belə asanlıqla ölümə vermək olmaz. Öldürülən səfir "soyuq müharibə" dövrünü görən adam idi, Suriya ilə bağlı bir çox şeyləri bilə bilərdi, çox güman ki, Suriyada Rusiyayönlü qüvvələrin idarə edilməsində rolu olan adam idi. Suriya sanki dünyanın güc müstəvisinə çevrilib. Sanki bu region kimin əlində olsa, dünyanı idarə edəcək. Bu Rusiyaya və Türkiyəyə xəbərdarlıq idi. İndi onlar bundan nəticə çıxarmalıdır. Onlar hansı nəticə çıxaracaq, hansı əks gedişləri olacağı haqda bir söz deyə bilmərik. Biz arzu edək ki, əks gedişləri münasibətləri gərginləşsdirməsin, əksinə aydınlaşdırsın.
- Çoxları düşünür ki, Trampın prezident olması ilə həm də dünya düzənində hüzur, müsbət dəyişiklik olacaq, bəziləri düşünür ki, "soyuq müharibə"yə yenidən start veriləcək, böyük güclər arasında münasibətlər kəskinləşəcək. Siz bu haqda nə düşünürsünüz?
- Mən sadəcə, öz fikrimi deyə bilərəm. Tramp yetkin bir yaşda hakimiyyətə gələn adamdır, ömür boyu bizneslə məşğul olub, çox zəngin bir şəxsdir. Təbii ki, pulun əhəmiyyətini və rolunu daha aydın bilir. Düşünürəm ki, Amerikada büdcə pullarını ora-bura xərcləyənlərin dövrü bitir. Pulu asanlıqla müharibələrə xərcləyirdilər. Pulun taleyi baxımdan sanki rahatlıq var ki, Tramp müharibələri istəməyəcək. Ancaq digər tərəfdən, düşünürəm ki, əgər müharibələr daha böyük pullar qazandıracaqsa, Tramp buna gedəcək. Görürsünüzmü, nə qədər təzadlı məsələdir. Mənim üçün Tramp həm ağ rəngdə, həm də qara rəngdə ola bilər. Yəni Tramp daha böyük pullar üçün müharibələri dayandıra və ya daha böyük pullar üçün müharibələri alovlandıra bilər. Hər ikisi mümkündür. Arzu edək ki, ikincisi olmayacaq. Ancaq mənə Trampın Çinə, Rusiyaya, Avropaya və müsəlman aləminə münasibətdə hansı siyasət yürüdəcəyi maraqlıdır. Bu istiqamətlərdə baxışlarında nəyə üstünlük verəcəyi çox önəmlidir. İndidən bir söz demək olmaz. Ümid edək ki, yaxşı olacaq.