Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Mahmud Şəmmədzadə ifadə verib.
O, təqsirləndirilən E.Hüseynova iş görmək məqsədi ilə 35 min dollar verdiyini bildirib. Zərərçəkmiş təqsirləndirilən şəxslə birlikdə nəqliyyat şirkətlərinin birində işlədiyini söyləyib: "Tanışlığımız da orada olub. Bir neçə dəfə kiçik işimiz baş tutub, görülən işlərdən mənə az da olsa, o, qazanc verib. Lakin sonuncu işdə məni çox ziyana saldı. Bu ziyanın altından hələ də çıxa bilmirəm. Axırıncı işi görəndə Emil mənə Gürcüstandan mal gətirməyi təklif etdi. Bunun üçün 35 min dollar istədi. Hətta bu iş üçün bir dəfə də Türkiyəyə getdik. Orada Samed adlı şəxslə görüşdük. Türkiyədə razılaşdıq, amma onun işindən xoşum gəlmədi. Emilə Samedi Bakıya dəvət etməsini bildirdim. Samed Bakıya gəldi, danışdıq. Pulu da Emilə verdim".
Zərərçəkmiş M.Şəmmədzadə dindirilərkən qeyd edib ki, verdiyi 35 min dollardan 10 minini geri ala bilib: "Şikayətçi olandan sonra istintaq dövründə 25 min zərər gördüyümü bildirdim. 5 min dolları Emilin qardaşı, 4 mini isə anası qaytardı. İndi 16 min dollar ondan alacağım var".
Daha sonra M.Şəmmədzadə hakimin suallarını cavablandırarkən keçmiş nəqliyyat nazirinin müavini Arif Əsgərovun oğlu Elnar Əsgərovla da görüşdüyünü bildirib: "Pulu Emilə verəndə o, dedi ki, "iş Elnarındır". Amma mən Elnarla görüşməmişəm. Problem yaranandan sonra Elnarla görüşdüm. O bu işlə əlaqəsinin olmadığını söylədi. Emil isə işin Elnarın olduğunu bildirdi".
Prosesdə şahid qismində Müşfiq Hüseynov da ifadə verib. O, taksi sürücüsü kimi zərərçəkmişlərdən Tural Hüseynovun və təqsirləndirilən E.Hüseynovun işlərini gördüyünü deyib.
Məhkəmənin növbəti iclası sentyabrın 8-nə təyin edilib.
