Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Tofiq Rəcəbov digər zərərçəkmiş Elçin Hacıyevin epizodu üzrə ifadə verib.
Jurnalistlərə açıqlqma verən A.Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, T.Rəcəbov hadisə günü saat 13:00 radələrində MTN əməkdaşları tərəfindən Nizami küçəsində saxlanılıb, 2 saatdan sonra isə azadlığa buraxıldığını söyləyib: "Tofiq Rəcəbov ifadəsində qeyd etdi ki, o, Elçinlə Həsən adlı şəxsə brilliant göstərməyə gedib. Oradan qayıdandan sonra isə saxlanılaraq, nazirliyin inzibati binasına aparılıblar. Tofiqin sözlərinə görə, o, hadisənin axşamı Elçin Hacıyevlə görüşüb. Elçin ona deyib ki, MTN əməkdaşlarına pul verib. Lakin o, Elçinin 80 min manat pul verdiyini görmədiyini bildirib. O, Elçinlə münasibətinin pozulduğunu deyib.
Vəkil qeyd edib ki, zərərçəkmişin istintaqla məhkəmə ifadəsi arasında ziddiyyətlər var. Həmin ziddiyətə aydınlıq gətirən T.Rəcəbov istintaq zamanı ifadəsini oxumadan imzaladığını bildirib: "O, nazirlikdə hər hansı təzyiqə məruz qalmadığını, brilliantı Azərbaycana Arda adlı şəxsin gətirdiyini, özünün vasitəçi olduğunu söylədi. Hətta Tofiq Rəcəbov iclasda heç bir tələbinin olmaması barədə ərizə yazıb məhkəməyə təqdim etdi".
Günün ikinci yarısında davam etdirilən prosesdə zərərçəkmiş qismində Qədim Ədilov dindirilib. O, MTN əməkdaşlarından S.Məmmədova 300 min manat pul verdiyini söyləyib.
Vəkil S.Rəsulov bildirib ki, Q.Ədilovun istintaq və məhkəmə zamanı ifadələri arasında ziddiyyət olub. Daha sonra onun istintaqa verdiyi ifadəsi elan edilib. Q.Ədilov istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini vurğulayıb. Q.Ədilov bildirib ki, S.Məmmədovla 2014-cü il sentyabrın 7-də saat 18-19 radələrində görüşüb.
Q.Əbilov istintaqa verdiyi ifadəsində MTN-də A.Çovdarovun onu döyüb təhqir etdiyini bildirib: "3-cü mərtəbəyə qalxdıq, dəhlizin sonuna qədər gedib qəbul otağı olmayan otağa daxil olduq. Orada əvvəllər cəmi bir dəfə gördüyüm Akif Çovdarov masanın baş tərəfində oturmuşdu. Natiq Hümbətov və Akif Əliyev sağında, Səlim Məmmədov solunda oturmuşdu. Mən otağa daxil olan kimi Akif Çovdarov stuldan qalxıb heç nə demədən məni yumruqla, təpiklə döyməyə başladı. Ona etiraz etmək istəyəndə bu dəfə əllərimi rezin kəndirlə kresloya bağladı. Dəyənəyi götürüb baş və boyunuma zərbələr endirməyə başladı. Huşumu itirdim. Özümə gələndə gördüm ki, Akif Çovdarov yerində oturub. Məndən tələb etdi ki, bir həftə ərzində 300 min dollar və idarə etdiyim "Range Rover” avtomobilini onlara verim. Masanın üstündəki iki "Makarov” tapançasını göstərib dedi ki, əks halda bu silahlar sənin üstündən çıxacaq və məni MTN-in zirzəmisinə salacaqlar”.
Məhkəmənin növəti iclası aprelin 19-na təyin edilib.
.