Bir gün əvvəl Ermənistan silahlı qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən 2 yaşlı Quliyeva Zəhra Elnur qızının ölümü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya ağır təsir edib.

L.Əlieyva 2 yaşlı körpəyə şeir həsr edib. L.Əliyeva rus dilində yazılan şeiri "Zəhra haqda xatirə” adlandırıb. Şeiri Azərbaycan dilinə Mahir Qarayev tərcümə edib.
Prezident qızının Zəhraya ünvalanan şeirində "Heç mavi dənizdə çimmişdinmi sən?", "Durub baxmışdınmı uçan quşlara?", "İndi hara qaçaq dərdin əlindən?" misraları xüsusilə təsirlidir.
O, "Bağışla ki, mən səni tanımırdım, bağışla ki, bütün ölkə ağlayır”misraları ilə hadisənin təkcə ona deyil, bütün ölkəyə pis təsir etdiyini çatdırmaq istəyib.

Zəhranın xatirəsinə...
Niyə öldürdülər, de, səni axı?
O körpə canına necə qıydılar?
İki yaşlı qızın nəymiş günahı –
Aparıb soyuq bir qəbrə qoydular!
Dağları, düzləri sevirdin yəqin,
Qaçırdın otluqda ayağıyalın…
Zərif izlərini kim sildi sənin –
O hansı cəlladdı, o hansı zalım?!_
Heç mavi dənizdə çimmişdinmi sən,
Durub baxmışdınmı uçan quşlara?
İndi hara qaçaq dərdin əlindən,
Kim bizi qərq etdi göz yaşlarına?
Cəllad gülüşüylə durub, yaxından
Tutdular gülləyə, qurşuna səni;
Sənsə köçüb getdin şirin yuxuda...
İlahi, sən özün bağışla məni!
Sıxır ürəyimi, sıxır bu ağrı –
Bu yara heç zaman sağalan deyil!
Nədən o körpəyə qıydınız axı?
Axı neyləmişdi sizə o tifil?
Bağışla məni ki, deyildik tanış!
İndi bütün ölkə yas tutub sənə…
Həyat yollarında addım atmamış
Uçdun mələk kimi uca göylərə!
Niyə öldürdülər, de, səni axı?
Nə cavab verəcək zalım, nə üzlə?
Solan çiçəklərin nədir günahı
O bircə qarışlıq məzarın üstdə...
.