Azərbaycan multikulturalizminə, tolerantlığına, humanistliyinə, milli azlıqlara münasibətinə görə dünya ölkələrinə, xüsusilə də Avropa ölkələrinə ən yaxşı örnəkdir.
Bunu Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədovla görüşündə deyib.
Ramin Məmmədovun yəhudi icmalarının nümayəndələri ilə bu gün keçirilən görüşündə, həmçinin Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev və Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqal da iştirak ediblər.
DQİDK sədri bildirib ki, Azərbaycanda yaşayan xalqlar arasında münasibətlər multikulturalizm, tolerantlıq, qarşılıqlı hörmət prinsipləri əsasında qurulub. Əsrlərboyu yəhudilər ölkəmizdə sülh və dostluq şəraitində yaşayıblar. Yəhudi icmaları cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir.
O qeyd edib ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modeli dünyada ən uğurlu nümunələrdən biri kimi qəbul olunur. Ümummilli Liderin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi, dini etiqad azadlığının ən yüksək səviyyədə təmin olunmasına xidmət edən tədbirlər həyata keçirilir. R. Məmmədov vurğulayıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın multikultural dəyərlərin və mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edən təşəbbüsləri Azərbaycanda dövlət-din münasibətləri modelinin inkişafına mühüm töhfələr verib.
Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycan dövlətinin dini icmaya göstərdiyi qayğıya görə minnətdarlığını ifadə edib. Bildirib ki, Prezident İlham Əliyev regionda və dünya miqyasında qarşılıqlı hörmətin, sülh şəraitində birgəyaşayışın və səmərəli əməkdaşlığın güclənməsi üçün dəyərli işlər görür.
Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqal isə Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkədə bütün dini icmaların sərbəst fəaliyyəti üçün əlverişli şəraitin yaradıldığını qeyd edib. İcma sədri bildirib ki, dövlətin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkələrdən biri kimi tanınır.
Ramin Məmmədov, həmçinin Qafqazda ilk dəfə olaraq Azərbaycanda tikilən Yəhudi Dini-Mədəni Mərkəzində gedən işlərlə də tanış olub.
.