"Bu il 12 nəfər Azərbaycanın prokurorluq orqanlarından xaric edilib”.
Bunu baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov "Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, 2016-cı ilin ötən dövründə xidməti və əmək intizamının tələblərini pozduğuna, yaxud digər qanunsuz hallara yol verdiklərinə görə 45 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib: "Bundan başqa, 19 nəfərə şiddətli töhmət və töhmət verilib, 3 nəfər vəzifədən azad edilib, 2 nəfər aşağı vəzifəyə keçirilib”.
Z.Qaralov qeyd edib ki, 2016-cı ildə prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilən sayca 17-ci müsabiqədə iştirak etmək məqsədilə sənədlərini təqdim edən gənc hüquqşünaslardan 117-si prokurorluqda qulluğa qəbul ediliblər: "Hazırda 2002-ci ildən keçirilən müsabiqə yolu ilə qulluğa qəbul edilən işçilər prokurorluğun kadr korpusunun 63 faizini təşkil edir. Bu müddətdə Prezident tərəfindən 2 prokurorluq işçisi "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib, Baş Prokurorluq üzrə müvafiq əmrlərlə 145 prokurorluq işçisi barədə həvəsləndirmə tədbiri tətbiq olunub, o cümlədən 5 nəfər "Prokurorluğun fəxri işçisi” döş nişanı, 48 nəfər Fəxri fərmanla təltif edilib, 15 nəfərə mükafatlandırma qaydasında rütbə, 12 nəfərə isə pul mükafatı verilib. Bundan əlavə, hərbi prokurorluq orqanlarının 44 işçisi "Qüsursuz xidmətə görə” medalları və yubiley medalı ilə təltif ediliblər”.
"Korrupsiyaya qarşı mübarizənin aparılmasında prokurorluq orqanlarının həyata keçirdiyi fəaliyyətin, yerinə yetirdiyi vəzifə və funksiyaların əhəmiyyəti, görülən işlərin çevikliyi və effektivliyi artıb".
Bunu da Zakir Qaralov məqaləsində bildirib.
O qeyd edib ki, 2015-ci ilin oktyabrın 1-dən 2016-cı ilin oktyabrın 1-dək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "Qaynar xətt” əlaqə mərkəzinə daxil olan 31 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.
Baş prokuror qeyd edib ki, "Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlərlə bağlı Baş İdarədə aparılan araşdırmalar zamanı aşkar edilən qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar verilib, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam qaydasında cəzalandırılıb: "Aşkar edilən qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib, 271 şəxs barəsində 171 cinayət işi tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib".
Z.Qaralov bildirib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən şəffaflıq, açıqlıq və hesabatlılıq prinsiplərinə xüsusi önəm verilərək qurumun fəaliyyəti barədə mətbuat konfransları, digər tədbirlər keçirilməklə, ictimaiyyətin, vətəndaş cəmiyyətinin və mətbuat nümayəndələrinin suallarına cavab verilmiş, bülletenlər, bukletlər, kitablar və metodiki vəsaitlər nəşr edilərək yayımlanması təmin edilib.
.
