“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Vüqar Mamedov ilə növbəti görüşünü keçirib.
Görüşdə müsabiqə qalibi ilə ölkəmizin dağ-mədən sənayesinin dayanıqlı inkişafına töhfə verilməsi məqsədilə “AzerGold” QSC-nin 2035-ci ilədək olan dövr üzrə hazırlanmış inkişaf strategiyası müzakirə edilib. İdarə Heyətinin sədri strategiyanın formalaşdırılması, idarə edilməsinin üsul və qaydaları haqqında müsabiqə qalibini məlumatlandırılıb, investisiya layihələrinin icrası istiqamətində təcrübə əsaslı tövsiyələrini verib.
Görüşdə, həmçinin Z.İbrahimov müsabiqə qalibinə 1 illik fərdi inkişaf planına uyğun olaraq qızılın dünya bazarındakı qiymətlərinin analizi, bazar qiymətlərinin dəyişim dinamikası və trendlərinin araşdırılmasına dair tapşırıqlarını verib. Daha sonra qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html ) tərəfindən bir illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Qeyd edək ki, sayca 4-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.
.