Nüdafiə naziri: "Azərbaycan Rusiyanın Suriyadakı təcrübəsinin regionda tətbiqi imkanlarını nəzərdən keçirir""
Bunu "RİA Novosti” agentliyinə müsahibəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov deyib.
O, rusiyalı həmkarı Sergey Şoyqu ilə dəfələrlə fikir mübadiləsi apardığını bildirib. "Dünyada hərbçilərin bütün son hərbi münaqişələrin öyrənilməsi təcrübəsi var. Şübhəsiz ki, biz Rusiyanın Suriyada hərbi əməliyyatlardakı təcrübəsini öyrənirik”, - deyə o vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan bu təcrübənin regionda tətbiqinin imkanlarını araşdırır. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi Azərbaycan tərəfinə müvafiq məlumatlar təqdim edib. Həmin məlumatlar hazırda nəzərdən keçirilir.
Zakir Həsənov: "Azərbaycana Rusiya silahlarının tədarükü üzrə saziş 90% yerinə yetirilib"
Azərbaycana Rusiyadan tanklar, "Smerç" raket sistemləri və "Msta-S" qurğusunun tədarükü üzrə saziş 90% yerinə yetirilib, rəsmi Bakı silahların pulunu ödəyib və onları uğurla tətbiq edir.
Bu barədə də RİA "Novosti"yə müsahibəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.
"Müqavilə artıq demək olar, 90% yerinə yetirilib. Silahların pulunu ödəmişik. Çox kiçik məbləğ qalıb. Bütün silahlar Azərbaycanda uğurlu sınaqdan keçirilir. Bütün bunlar müasir silahlardır. Onlardan istifadə qaydalarını öyrənmişik və tətbiq edirik", - Z.Həsənov vurğulayıb.
Bununla yanaşı, nazir Azərbaycan tərəfinin Rusiyanın Suriyadakı döyüş fəaliyyəti təcrübəsini öyrəndiyini açıqlayıb.
"Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə dəfələrlə fikir mübadiləsi aparmışıq. Müvafiq qurumlarımız əlaqədə olublar. Rusiya tərəfinə təşəkkür edirik, bizə lazımi materilları təqdim etdilər. Bunu regionumuza tətbiq edəcəyik", - müdafiə naziri deyib.
"Azərbaycan Rusiyadan əlavə silah alışını nəzərdən keçirir, məlumat toplayır, sınaqlar keçirir."
Bunuda general-polkovnik Zakir Həsənov bildirib.
"Biz indi bəzi silah nümunələrini öyrənirik, əldə edib sınaqdan keçiririk. Silah alışı çoxşaxəli məsələdir. Bir tərəfdən, şablondan qaçmaq lazımdır, digər tərəfdən, müxtəliflik əlavə xidmət problemi yaradır. Bu, çox çətin məsələdir", - Z.Həsənov vurğulayıb.
Azərbaycan Ermənistanda yerləşən "İsgəndər” komplekslərinin raketlərini vura biləcək raket əleyhinə silahlara malikdir.
Bu sözləridə müdafiə naziri deyib.
"Müdafiə naziri olaraq bəyan edirəm ki, bizim "İsgəndər” raketlərinə qarşı sistemimiz var. Bizim də raketlərimiz var, onların sayı 50 dəfə çoxdur. Dediklərimə görə tam məsuliyyət daşıyıram. Təsəvvür edin, onlar bunu tətbiq etmək fikrinə düşsələr, hərbi hədəflərə və infrastruktura cavab atəşi necə olacaq?”, - deyə o vurğulayıb.
Z. Həsənov qeyd edib ki, Azərbaycan həmin raketləri Rusiyadan almasa da, keyfiyyət baxımından analoqlarından geri qalmır: "İsgəndər” yaxşı raket sistemidir. Lakin bir neçə sual var. İlk növbədə bu hansı "İsgəndər”dir? Onların bir neçə növü var. İkincisi, həmin "İsgəndər”lərin vəziyyəti necədir. Üçüncüsü, kim o "İsgəndər”ləri idarə edir. Dördüncüsü, onlar "İsgəndər”ləri tətbiq edə biləcəklərmi? Hərbçi olaraq, biz həmişə ən pis variantı nəzərdən keçiririk, ona hazırıq. Düzdür, biz o raketləri Rusiyadan almamışıq, lakin keyfiyyətinə görə heç də geri qalmır. Mən sizə deyim, biz döyüş atəşləri həyata keçirmişik, nəticə əladır. Əminik ki, yaşayış məntəqələri və Silahlı Qüvvələrimizi müdafiə edə bilərik".
