
Gələn həftə Yunanıstan hökuməti SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə DESFA qaz operatorunun səhm nəzarət paketinin satışı ilə bağlı danışıqları bərpa edəcək.
Trend-in "Ekathimerini” qəzetinə istinadən verdiyi məlumata əsasən, bu barədə Yunanıstanın yenidənqurma, ekologiya və energetika naziri Panos Skurletis deyib.
O bildirib ki, SOCAR-a satılacaq DESFA-da iştirak payı müzakirələrin əsas mövzusu olacaq.
Virtualaz.org xatırladır ki, SOCAR DESFA-nın səhmlərinin üçdə ikisinin 400 milyon avroya alınmasına dair müqaviləni 2013-cü ilin yayında imzalayıb. Lakin Avropa Komissiyasının antiinhisar komissiyası bu sövdələşməni təsdiqləməyib. Bununla belə, Yunanıstanın yeni hökuməti sövdələşməyə yenidən baxacağını açıqlamışdı.
Yunan hökuməti onu da bildirmişdi ki, DESFA-nın səhmlərinin 66 faizini yox, 49 faizini SOCAR-a sata bilər.
.