Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) iyunun 14-də keçiriləcək "Son Zəng" günü ilə bağlı məzunlara və valideynlərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, valideynlərin həmin gün avtomobilləri övlalarına həvalə etmə hallarına rast gəlinir:

"Əziz valideynlər və məzunlar. Hər birinizi dərs ilinin başa çatmağı münasibəti ilə təbrik edirik. Hər il olduğu kimidə bu il də Təhsil Nazirliyi tərəfindən məzunların “Son zəng” tədbirini hansı qaydada keçirilməsi ilə bağlı ictimaiyyətə məlumat verilib. Yol polisi olaraq bildirmək istəyirik ki, ötən illərdə Son zəng günü müxtəlif formalarda xoşagəlməz hadisələrin baş verdiyinin cəmiyyət olaraq şahidi olmuşuq! Çox təəssüf ki, bəzi valideynlər övladlarına avtomobil həvalə edirlərki, həmin avtomobillərlədə müxtəlif qəzalar, bədbəxt hadisələr baş verə bilər. Belə hadisələrin olmaması üçün bir daha valideynlərə xəbardarlıq edirik ki, idarə etmə hüququ olmayan şəxslərə sükanı həvalə etməsinlər. Bu ilk öncə inzibati xətadır. Belə hallarda bəzən ictimai əsayişin pozulması halları da müşahidə olunur. Qəzaların və bədbəxt hadisələrin baş verməməsi üçün bu əməldən çəkinməyi xahiş edirik".

Araz Əsgərli qeyd edib ki, "Son Zəng" tədbiri ilə əlaqədar bütün təhsil müəssisələrinin ətrafında gücləndirilmiş qaydada polis tərəfindən xidməti fəaliyyət davam etdiriləcək:

"Bir daha vətəndaşlardan, xüsusi ilə valideynlərdən xahiş edirik ki, qanunsuz əməllərə yol verməsinlər. "Son Zəng" kimi tədbir hər hansı bir bədbəxt hadisə fonunda tamamlanmasın".

.