Baş DYP İdarəsi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həftəsonu paytaxta və respublikanın ayrı-ayrı rayonlarında havanın küləkli olacağı, yağış yağacağı gözlənilir.
"Qeyd edilən əlverişsiz hava yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.
Xüsusilə, gecə və səhər saatlarında ehtimal edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını, həmçinin küləyin doğura biləcəyi fəsadlara qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyətini nəzərə alaraq, sürücülər, ələlxüsus yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər zəruri ehtiyat tədbirləri görməli, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl olunmalıdır.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını bir daha diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini aşmamağı, avtomobillərinin sazslığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir", - müraciətdə qeyd olunub.
.
