Ticarətçilər cərimələnir, şikayətlərə isə baxılmır

Zaqatala rayon 2 saylı bazarın girişinə yol polisi tərəfindən yük avtomobillərinin hərəkəti qadağan edən yol nişanının qoyulması rayon sakinlərinin narazılığına səbəb olub. Polis yük maşınlarının bazara girşinə yalnız saat 18.00-dan 08.00-a kimi icazə verir. Ticarət mərkəzində iş saatı isə saat 09.00-da başlayır 17.00-da bitir. 

Bu barədə "Bizim Yol”a Zaqatala rayon sakini Ramazan Əliyev bildirib. O deyir ki, kənd təsərrüfatı ilə məşğul olan rayon və kənd sakinləri məhsullarını bazara çıxara bilmir: "Bizim bazara daxil olub, məhsulu paylamaya, satma bilmirik. Bu qadağa bizim məşğuliyyətimizə qarşıdır, işimizi əngəlləyir”. 
O, deyir ki, yük avtomobillərinin hərəkəti qadağan edən yol nişanına əməl etməyənləri 3 bal və 60 manat cərimə cəzalandırırlar.

Problemlə bağlı sakinlər və ticarətçilər tərəfindən bazar rəhbərliyinə edilən müraciətə isə müsbət cavab verilməyib. Müraciət edən şəxslərə şifahi olaraq bildirilib ki, bu problemin həlli bazar rəhbərliyinin səlahiyyətində deyil.
.