Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən silah-sursat və narkotik vasitələr götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xdimətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, ilk tədbir zamanı odlu silahı qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən Atif Mahmudov şəhər ərazisində saxlanılaraq şöbəyə gətirilib. Axtarış aparılarkən ondan “Kalaşnikov” konstruksiyalı “AK-74” markalı avtomat, 1 ədəd avtomat darağı və 30 ədəd patron aşkar edilərək götürülüb. Bundan başqa keçirilən digər bir əməliyyatla rayon sakini Abıl Yusibov şəhər ərazisində saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə şöbəyə gətirilib. Onun üzərinə və avtomobilinə baxış zamanı heroin, marixuana və metodon həbləri aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq davam etdirilir.
.