Onlar üçün həyat çətin keçir. Kimisinin sevgiyə, kimisinin qayğıya ehtiyacı var... İşə, pula, normal yaşayışa ehtiyacı olanlar da az deyil. Bir sözlə, burda ehtiyac hakimdi. Biz də həyata bir gün onların gözü ilə baxmaq istədik. Bunun üçün Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən kimsəsizlər yataqxanasına yollandıq. Yataqxanada internat dövrünü başa vuran kimsəsizlər məskunlaşıb.
Onların yaşadığı qəsəbəyə gedib çıxmağımız da asan olmadı. Nəhayət, binanı tapdıq, həyətdə oturan qadından burada yaşayan kimsəsizləri soruşduq. Bildirdi ki, binadakıların hamısı kimsəsiz deyil. Kimsəsizlər 1-ci və 3-cü mərtəbədədir. Qalan mərtəbələrdə isə məcburi köçkünlər məskunlaşıb.
"Ülgüclə qollarımı doğramışam”
3-cü mərtəbədə ilk qarşımıza çıxan Şəhla Novruzova oldu.
Şəhla 1982-ci ildə Bakıda anadan olub. Deyir, valideynləri onu erkən yaşdan 2 nömrəli Mərdəkan internat evinə qoyublar: "Qardaşımı və məni eyni internat evinə veriblər. Sonra məni övladlığa götürdülər. Amma 7-ci sinifdə oxuyanda həmin ailə məndən imtina etdi, yenidən Mərdəkan internat evinə qaytardılar. Səbəbini bilmək istəsəm də, heç nə demədilər. Sadəcə istəmirik, vəssalam. İnternatda qaldım, 16 yaşım tamam olandan sonra isə Qızıldaşda 3 illik liseyi oxudum. İndi bu yataqxanada qalıram”.
Şəhla Novruzovanın sözlərinə görə, 34 illik həyatı çətinliklə keçib: "Bizim kimsəsiz olduğumuzu görən internat müəllimləri həmişə başımıza qapaz vururdular, döyürdülər. Elə Qızıldaşdakı liseydə də döyürdülər. Elə vaxt olub, həyatda yaşamağa gücüm çatmayıb, ülgüc götürüb qollarımı doğramışam. Yaşamağa zərrəcə ümidim olmayıb. Sacımı belə, oğlan saçı kimi kəsdirmişəm. Amma illər keçdikcə, Allaha dua edirdim ki, bir gün mənə yaxşı gün qismət eləsin. Hələ də o ümidlə yaşayıram”.
Gəlinlik paltarı geyinmək, toy xəyalı qurmaq...
Heç vaxt doğma ata-anasını görməyi arzulamayan müsahibim deyir, həmişə Allaha dua edir ki, valideynlərini onun qarşısına çıxarmasın: "Allah eləməsin, ailəmi görüm. Bəlkə onları görsəm boğub öldürmək istəyərəm. Bilirəm, Allah deyir, bağışlamaq lazımdır. Mən həmişə demişəm ki, Allahım, mənim cəzamı ver, amma valideynlərimi qarşıma çıxarma. İllər sonra öyrənmişəm ki, qardaşım və məndən əvvəl bacımı da internat evinə atıblar. Bacım təzəlikcə məni axtarıb tapıb, burada bir yerdə qalırdıq. İşlədiyi üçün Qızıldaşa gəlib-getmək çətin olur deyə şəhərdə qalır. Qardaşımızdan heç bir xəbər yoxdur”.
Şəhla Novruzova artıq ailə qurmaq istəmir: "Ailə qurmaq istəmirəm. Heç ailə qurmaq üçün düzgün kişi də yoxdur. Bilirəm ki, heç bir oğlan yetim qız almaz. Mən gəlinlik paltarı geyməkdən, toy xəyalı qurmaqdan çoxdan ümidimi üzmüşəm. Sadəcə evim, işim olsun. Bir ay bundan əvvələ kimi işləyirdim. Şəhərdə ev təmizliyi işi görürdüm. Hər gün səhər 7-də evdən çıxırdım ki, vaxtında işə çatım. 150 manat maaş alırdım.
Bəzən gecə geri qayıdanda marşruta çata bilmirdim, məcbur olub qazandığım pulu taksilərə verirdim ki, Qızıldaşa gəlim. Çətinlik oldu, maaş verə bilmədilər, işdən çıxdım. Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinə Masazırda ev almaq üçün müraciət etmişəm. Hər gün dua edirəm ki, adım siyahıya düşsün, evim olsun”.
"Kaş bir dəfə anam başımı sığallayardı”
Yataqxanada 40 nəfər kimsəsiz qalır. Onlardan 25-i oğlandır. Həmsöhbətim yataqxananın digər sakini Yeganə Allahverdiyevadır.
Müsahibim Gəncədə anadan olub. Valideynləri onu uşaq evinə qoyublar: "Daha sonra məni Maştağadakı internat məktəbinə yerləşdirdilər. Oradan da Qızıldaşa gətirdilər. Getməyə yerim yoxdur, 42 yaşım var, hələ də burda yaşayıram. Şəxsiyyət vəsiqəmdə Allahverdiyeva Yeganə Mirzə qızı yazılıb. Valideynlərim barədə bundan başqa heç nə bilmirəm. Bu yaşdan sonra onları axtarmaq arzusunda deyiləm. Ehtiyacım olanda onları yanımda görmədim. İndi də mən istəmirəm. Mən xəstə olanda başıma sığal çəkən anam yox idisə, bundan sonra nəyimə gərəkdir?
Necə ki, məni atıb öz həyatların yaşayıblar, indi də davam etsinlər. Amma hərdən yanımda uşaq yıxılanda, anası onu qucaqlayanda kənara çəkilib ağlayıram. Deyirəm, kaş bir dəfə də onun kimi anam mənim başımı sığallayardı. Bir dəfə internatda oxuyan vaxtı valideynlərimi tapmaq istədim. Çünki mən qalan internatda uşaqların valideynləri onlara baş çəkirdi. Sonra yavaş-yavaş ora mənim kimi yetim uşaqlar gəlməyə başladı. Mən də onlara alışmağa başladım. Elə valideynlər var uşağa həsrətdir, amma mənim valideynlərim məni atıb”.
"Yetim qızları sevib alan olmur”
Yeganə Allahverdiyeva deyir ki, ailə qurmaq istəmir: "Bir oğlanı sevirdim, o da məni çətin vəziyyətdə qoyub qaçdı. Ailəsi razı olmadı. Ondan sonra heç kimə inamım qalmayıb. Yetim qızları sevib alan olmur. Bizim kimi insanların arxası, köməyi Allahdır”.
Səhhətində problemlər olan müsahibim deyir ki, çətinliklə dolanır: "Respublika Klinik Xəstəxanasında müalicə alıram. Mənimlə eyni palatada qalan xəstələrin yanına kimsə baş çəkməyə gələndə sıxılıram. Dəhlizə çıxıb ağlayıram. Onların yanına gələn analar boynumu qucaqlayır, gətirdikləri yeməkdən mənə də pay ayırırlar. Orucluq ayında bizə fitrə verirlər. Keçən il mən o pulu yığıb xəstəxanaya getdim. Düzdür, həkim dedi, heç kimə pul vermə, amma qan götürən qız dedi ki, mənə pul verməsən, pis xəbər deyəcəm. Mən də qorxdum...”
Atası tanınmış vəkil, qüsurlu uşaq...
Burada yaşayan insanların hər birinin bir ayrı səbəbdən internat evinə atsalar da, Bacı Nuriyeva deyir ki, onu qüsurlu olduğuna görə internetə qoyublar: "Qaradağ rayonunda anadan olmuşam. 2 yaşımda valideynlərim məni internata qoyublar. Müəllimlərim mənə dedi ki, sənin dodağının bir hissəsində qüsur olduğu üçün valideynlər bura gətirdilər. Hər uşağı bir şeyə görə atırlar...
Burada Günay adlı qız var. Atası tanınmış vəkil işləyib, anası həkimdir. Xəstə olduğu üçün valideynləri ondan imtina ediblər. Valideynlərini tapdı, amma atası onu qəbul etmədi. Atası deyib ki, küçədə böyüyən qızı qəbul edə bilmərik. Demək istədiyim odur ki, bizi bura atan valideynlərin heç birinin vicdanı yoxdur. Hər gecə onlar başlarını yastığa qoyub necə yatırlar?”
Söhbətimiz zamanı qucağında uşaqla otağa bir qadın daxil oldu. Əvvəl danışmaq istəmədi, sonra dili açıldı.
Oksana adlı qadın deyir ki, bir oğlanı sevib: "Ailə qurduq. Hamilə olanda bildim ki, valideynləri bizim evliliyimizə razı deyilmiş. Bir müddət sonra oğlan Rusiyaya getdi, bir də gəlmədi. Dövlətdən 60 manat sosial yardım alıram. Onunla dolanırıq. Mən çətinliklə də olsa, oğlumu böyüdəcəm. Valideynlərim kimi onu heç vaxt internata atmayacam”.
Kiçik bir otaq, 4 oğlan
Qeyd etdiyimiz kimi, "kimsəsizlər yataqxanası”nda qızlarla yanaşı oğlanlar da qalır. Qızlar qalan otaqlar səliqə-sahmanlı olsa da, oğlanların yaşadığı otaqlar elə deyil. Bir balaca otaqda 4 oğlan yaşayır.
Toğrul İsmayılov deyir ki, anası rəhmətə gedəndən sonra atası ona baxmaqdan imtina edib: "Xalam məni internata verdi. Sonra bura gəldim. Burdakıların əksəriyyəti işləmir. Əvvəllər "Sevil” massivində işləyirdim. Ora bağlanandan işsizəm. Hamımızın bir ümidi var – dövlət bizə köməklik göstərsin”.
Oğlanlar da valideynlərini görmək istəmədiklərini söylədilər, amma valideynlərini tapmaq ümidi ilə yaşadıqları gözlərindən hiss olunurdu.
İlhamə ƏBÜLFƏT