Yeni il yaxınlaşdıqca onu hansı ölkədə necə qeyd edəcəyini düşündüyünü bilirəm. Nədənsə, Yeni ili əksəriyyətimiz xaricdə qarşılamaq istəyirik. İçi mən qarışıq. Elə həmin ərəfədə verilən 1 həftəlik tətil də lap yerinə düşür.
Bizimyol.info seyahetciblog.wordpress.com-a istinadən xəbər verir ki, turagentliklər indidən yeni il turlarının reklamına başlayıblar. Kimi, bayramı Praqada qarşılamağı məsləhət görür. Bu turu seçənlərə orta əsr ab-havası vəd edilir. Həmçinin qonaqları şam və məşəllərlə işıqlandırılan daş zalda bayram yeməyi və şou da gözlənilir: qılıncoynadanlar, rəqqasələr, fokusçular, dərvişlər, falçılar, canlı orta əsr musiqisi də öz yerində.
Ancaq araşdıranda görürük ki, azərbaycanlılar Yeni ili daha çox Dubayda, Moskvada, Tiflisdə qeyd etməyi sevirlər. Avropa ölkələrindənsə Fransada, İtaliyada, Çexiyada qarşılamağa üstünlük verirlər. Yeni ildə Türkiyəni seçən az olur. İslam ölkəsi olduğundan bayram burada təntənəli keçirilmir. Yəqin ona görədir. Heç turagentliklərin təkliflərində də Türkiyə şəhərlərinə rast gəlmək olmur. Ancaq deyim ki, 2013-cü ili Bursanın Uludağında qarşılamışdım. Peşman deyiləm. (Bu haqda sonra ətraflı yazacam).
O ki qaldı, Yeni ili keçirmək üçün ən sərfəli ölkəyə, sənin üçün Avropanın ən ucuz 10 şəhər turu haqqında kiçik bir araşdırma aparmışam. Bütün xərclər daxil olmaqla (bura şəhər daxilində 3 ulduzlu oteldə 2 gecəlik qiymət, iki nəfərlik şam yeməyi, içkilər, şəhər turu və yaxınlarına ucuzvari hədiyyə almaq daxildir) hesablanıb:
Yeni il tətili sənə Strasburqda (Fransa) 260, Krakovda (Polşa) 225, Lissabonda (Portuqaliya) 220, Praqada (Çexiya) 218, Dubrovnikdə (Xorvatiya) 215, Afinada (Yunanıstan) 205, Tallində (Estoniya) 200, Riqada (Latviya) 186, Budapeştdə (Macarıstan) 184, Vilnüsdə (Litva) 155 dollara başa gələcək.
Qeyd: Yeni il tətili ilə bağlı növbəti yazı təyyarə biletlərinin necə ucuz əldə edilməsi ilə bağlı olacaq. Getmək istədiyin, ancaq ucuz bilet tapa bilmədiyin hər hansı bir şəhər varsa adını yaz bilet təkliflərimi verim.
Mənbə: seyahetciblog.wordpress.com
.
