Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.

Beləliklə, həmin müddət üçün vətəndaşın sosial ödənişlərinin aparılmasını təsbit edən dəyişiklik, əlilliyi olan şəxslərin sosial təminatının daha da yaxşılaşdırılmasını nəzərdə tutur.

Müvafiq olaraq “Əmək pensiyaları haqqında” qanuna da dəyişiklik edilib.

Dəyişikliyə əsasən, əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi əlillik müddəti bitdiyi gündən dayandırılır. Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının ödənilməsi isə onların “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa ediləcək.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, şəxsin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu yenidən müəyyən edilərsə, əmək pensiyasının verilməsi əlilliyin, o cümlədən sağlamlıq imkanlarının məhdudluğun yenidən müəyyən edildiyi gündən bərpa edilir. Eyni zamanda təkrar müayinə vaxtı üzrlü səbəbdən ötürüldükdə, bu müddət ərzində əmək pensiyası bir aydan çox olmayan müddət üçün ödənilir. Təkrar müayinə zamanı əlilliyi olan şəxs başqa əlillik dərəcəsinə keçirildikdə, bir aydan çox olmayan müddət üçün əmək pensiyası əvvəlki dərəcə üzrə ödənilir.

Qanun layihələri səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Əmək pensiyasına əlavə müəyyyənləşdirilməsi qaydası dəyişib

Publik hüquqi şəxslərlə bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilib.

Qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, dövlət orqanının əsasında Azərbaycan Respublikasının Prezidenti və ya Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması nəticəsində dövlət qulluğuna xitam verilən, həmin tarixdə əmək pensiyası yaş həddinə çatmasına və dövlət qulluqçusu kimi pensiya hüququnun əldə edilməsi üçün tələb edilən minimum 15 il qulluq stajının toplanmasına ən çoxu 2 il qalan, yəni ən azı 13 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququ yaranacaq.

Başqa sözlə, dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə 15 il qulluq stajını toplamasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranacaq.

Qanun layihəsi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanına uyğun olaraq, dövlət orqanının əsasında publik hüquqi şəxsin yaradılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” qanunla dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına az qalan dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair təkliflərin hazırlanması barədə tapşırığın icrasını təmin etmək məqsədilə hazırlanıb.

Analoji dəyişiklik “Dövlət qulluğu haqqında” qanuna da edilib.

Qanun layihələri səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

.