Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyi məişət zorakılığının qarşısının alınması ilə bağlı sosial tədbirlərin görülməsini də təmin edəcək.

Nazirlikdən verilən məlumata görə, Agentlik bu istiqamətdə fəaliyyətini “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna uyğun təşkil edəcək və məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, onlara psixoloji yardım göstərilməsi üçün müvafiq işləri aparacaq. Bu məqsədlə Agentliyin Nizamnaməsində onun hüquq və vəzifələri sırasına dövlət yardım mərkəzləri yaratmaq və qeyri-dövlət yardım mərkəzlərini akkreditasiyadan keçirmək də daxil edilib.

Ümumilikdə isə Agentlik sosial xidmətə ehtiyacı olan şəxslərə, ailələrə “Sosial xidmət haqqında” Qanunla müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

.