Filmlərinə baxıb unuda bilmədiyimiz aktyorlar olur. Zaman keçdikcə həmin aktyorların oynadığı bütün filmlərə baxırıq və bir də görürük ki, artıq o aktyorlar da doğma adamlara çevrilib.
Bəs yazarlarımızın sevdiyi dünya və Azərbaycan aktyorları kimlərdir?
Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.
Anar
- Çarli Çaplin, Mirzağa Əliyev.
Əkrəm Əylisli
- Azərbaycandan Hamlet Xanızadə, Fuad Poladov, Səməndər Rzayev, Həsənağa Turabov. Dünyadan Jan Qaben yadımda qalan aktyordur.
Seyran Səxavət
- Sevdiyim aktyorlardan biri Azərbaycan sənətinin atributlarından nəhəng aktyor Fuad Poladovdur. Dünya kinosundan Jan Qabeni sevirəm.
Çingiz Əlioğlu
- Dünyada ən sevdiyim aktyor Marlen Brondodur. Azərbaycanda isə Kamal Xudaverdiyev, Cəfər Namiq Kamal, Fuad Poladov, Fəxrəddin Manafov.
Səfər Alışarlı
- Məlum sitatda deyildiyi kimi, bu dünyada hər kəs bir aktyordur. Bəşəriyyət öz rolunu yaxşı oynayan, pis oynayan və ümumiyyətlə oynaya bilməyən aktyorlardan ibarətdir. Öz rolunu yaxşı oynayanlar həmişə çətinliklərlə üzləşib, çünki digərləri onlarla müqayisədə hər zaman özlərinin gərəksizliyini görür və buna görə əzab çəkirlər. Öz rolunu pis oynayanları heç kim görmür, onları ciddiyə almır, xırda-xuruşla yola verib başdan eləyirlər. Qaldı öz rolunu pis oynayanlar. Bunlar fantastik dərəcədə çevik, mobil və toplumsevərdirlər. Onlar cərəyan edən müxtəlifliyin arasında yeganə əlverişli təmayülü tapıb onun içində gizlənir və vaxtı çatanda birdən səhnəyə çıxıb öz mətnlərini gur səslə bağırırlar. Mətn isə məşhur əsərdəki dəyişilməz ikicə sözdən ibarətdir: "Kuşat podano!”
Əlisəmid Kür
- Mel Gibson ən çox sevdiyim aktyordur. Azərbaycandan isə ən sevdiyim aktyor Yusif Vəliyev, sonra isə oğlum Qorqud Cəfərlidir.
Əsəd Cahangir
- Marlon Brando, Yusif Vəliyev, Jan Qaben, Klint İstvud, Tosire Mifune, Entonu Hopkins, Jerar Depardye, Georgi Maxaraşvili, Mixail Ulyanov, Cüneyd Arkın, Regimantas Adamaytis, Mel Gibson, Bred Pitt və sair və sair...
Birini seçəsi olsam - Mel Gibson deyərdim. Birinci yerdə Mel Gibson durur.
İlqar Fəhmi
- Azərbaycan aktyorlarının içində Fuad Poladovun xüsusi yeri var mənim üçün. Vəfat edənlərdən isə Səməndər Rzayevi çox sevirdim. O ki qaldı dünya aktyorlarına, mənim aləmimdə bizim bir çox aktyorlarımız elə dünya səviyyəli aktyorlardı. Elə adını çəkdiyim sənətkarlar mənim üçün tək Azərbaycanın yox, ümumiyyətlə dünyanın ən qüdrətli aktyorları cərgəsindədir.
Qismət
- Bizdən Həsən Məmmədov, Yaşar Nuri, Səməndər Rzayev, Fuad Poladov... Əcnəbilərdən Entoni Hopkins, Endi Qarsiya, Robert De Niro, Ceremi Ayrons və s.
Rəbiqə Nazimqızı
- Azərbaycanda Hikmət Rəhimov, İlqar Cahangir, Elşən Rüstəmov, dünyada Şon Konneri, Al Paçino... Bunlar heç. Amma bir sirr açım? İlk və son dəfə rus dilində şeir yazmışdım, "Santa-Barbada" teleserialında Meyson Kepvell rolunu oynayan Leyn Devisə həsr eləmişdim o şeiri. Leyn Moskvaya gəlmişdi, mən də bilmirəm necə oldusa şeiri rusca yazdım. Yılmaz Ərdoğan sevgimdən xəbərdarsınız, ona yazdığım doqquz bədii məktub var. Bir də, Okan Bayülgendir, amma onu da daha çox televizyonçu kimi sevirəm.
Ülviyyə Heydərova
- Azərbaycandan Fuad Poladov, Fəxrəddin Manafov, Yusif Vəliyev. Turkiyədən Onur Saylak, Yılmaz Erdogan. Dünyadan Bred Pitt.
.