Xalq artisti, görkəmli kino və teatr xadimi Yaşar Nurinin qızı Ülkər Nuriyeva atasının anım günündən yazıb.
Yenizaman.az xəbər verir ki, Yaşar Nuriylə birgə fotolarını sosial mediada paylaşan Ülkər Nuriyeva yazıb: "Səhərdən bəri çox kövrəlmişəm. Bu gün sənin anım günündür. Allah sənə rəhmət eləsin, gülər üzlü atam!”
Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə on bir yaşında Akademik Milli Dram Teatrında "Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxıb.
1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Yaşar Nuri Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə müxtəlif dövlət mükafatları və təltiflərə layiq görülüb.
Xalq artisti uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakıda vəfat edib.
Xalq artistinin 65 illik yubileyi münasibəti ilə illərlə çalışdığı Akademik Milli Dram Teatrında xatirə tədbiri keçiriləcək. Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq.
Xatirə gecəsinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərlidir.
Mərasimdə Yaşar Nurinin kino, televiziya və teatr tamaşalarından fraqmentlər nümayiş olunacaq, sənətkarın dostları xatirələrini bölüşəcəklər. Gecədə eyni zamanda Yaşar Nurinin sevdiyi mahnılar səslənəcək.