28 sentyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının İdarə Heyəti və YAP Pirallahı rayon təşkilatı ərazi ilk partiya təşkilatı sədrlərinin toplantısı keçirildi.
İclası giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Yeni Azərbaycan Partiyasının yarandığı gündən bugünədək keçdiyi şərəfli yoldan danışaraq, müstəqilliyimizin qorunmasında və dövlətçiliyimizin möhkəmlənməsində partiyanın aparıcı siyasi qüvvə olduğunu bildirdi.
"Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir”-deyə Hikmət Şikarov vurğuladı.
YAP Pirallahı rayon təşkilatının sədri çıxış edərək gündəlikdəki məsələləri diqqətə çatdırdı. İclasda ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatların dinlənilməsi və yeni təsis olunmuş ərazi ilk partiya təşkilatlarından daxil olmuş müraciətlərə baxılması, o cümlədən cari məsələlər müzakirə olundu.
Çıxış edən YAP Pirallahı rayon təşkilatı İdarə Heyətinin üzvü, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov bildirib ki, rayon təşkilatı 2018-ci ilin I yarısında öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, rayon təşkilatının müvafiq Fəaliyyət Planına uyğun qurub: "Rayon təşkilatı daim səylə çalışıb, təşəbbüskarlıq göstərib, ulu öndər Heydər Əliyev ideyalarının yaşadılmasında və təbliğində mühüm fəaliyyət həyata keçirib. Ölkə Prezidenti İlham Əliyevin uğurlu və məqsədyönlü siyasi rəhbərliyinin, ölkəmizin davamlı inkişafının və tərəqqisinin cəmiyyətə, insanlara çatdırılması, rayon təşkilatının sıralarının keyfiyyət göstəriciləri baxımından daha da genişlənməsi, partiya üzvləri arasında mövcud əlaqələrin daha da intensivləşdirilməsi və yüksək səviyyəyə çatdırılması istiqamətində yorulmadan çalışıb. Rayon təşkilatının fəaliyyətində, həmçinin Pirallahı rayonunda görülən işlərin cəmiyyətə çatdırılması da yer alıb”.
Sonra təşkilati məsələlərə baxıldı, qarşıda duran vəzifələr müzakirə edildi. Həmçinin partiyanın sıralarına yeni qəbul olunan üzvlər, xüsusilə də gənclər arasında təbliğati işlərin daha da gücləndirilməsi, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak və s. məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
İclasın sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı tərəfindən partiya sıralarına qəbul olunmuş yeni üzvlərə üzvlük vəsiqələri təntənəli şəkildə təqdim olundu.


