Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstəriblər.

Belə təşəbbüslə çıxış edilməsinin bir neçə səbəbi var.

Səbəblərdən biri ilk dəfə bütün ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılmasının zəruriliyidir.

Qeyd etmək yerinə düşər ki, YAP-dan olan millət vəkilləri də öz müraciətlərində bu məqamı vurğulayıblar.

Eyni zamanda, növbəti seçkilərdə müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar.

Parlament seçkilərini növbədənkənar keçirilməsini zəruri edən əsas səbəb isə seçkilərin vaxtının COP29 sammiti ilə eyni vaxta düşməsidir. Belə ki, parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda COP29 keçiriləcək. Belə bir mötəbər tədbirlə eyni vaxtda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi mümkün deyil. Seçkilərin vaxtının dəyişməsi həm COP29-u layiqli şəkildə keçirməyə imkan verəcək, həm də bu mötəbər tədbir zamanı ölkə parlamentinin tam fəaliyyətdə olması təmin ediləcək.

YAP-dan olan deputatlar məhz bu arqumentlər əsasında parlamentin buraxılması, vaxtından 2 ay əvvəl növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.

.