Sentyabr ayının sonlarında paytaxta yağan yağışın fasadları hələ də qalmaqdadır.
Məlum olduğu kimi, yağışdan sonra Bakının müxtəlif ərazilərində insanların və nəqliyyatın hərəkəti iflic oldu. Habelə yaşayış evləri bir neçə gün suyun altında qaldı.
Həmin günlərdə Xırdalan şəhərində Heydər Əliyev prospektinin yolları da yağan yağışa tab gətirə bilməyib. Daha dəqiq desək, söhbət prospektin "Köhnə bazar” adlanan ərazisindən üzü "AAAF” park istiqamətində təxminən 100 metr məsafədə olan hissəsindən gedir. Belə ki, yağış suları yolun çökməsinə səbəb olub. Nəticədə sözügedən istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Müvafiq qurumlar yolun çökməsini aradan qaldırsalar da, asfalt örtüyünü bərpa etməyi unudublar. Asfalt örtüyünün bərbad durumda olması, sözügedən ərazidə nəqliyyatın və piyadaların hərəkətinə çətinlik törədir. Belə olan halda sürücülər avtomobilləri ziyan görməsin deyə, maşını yolun əks istiqamətinə çıxarırlar. Bu, qəzanın baş verməsinə, həmçinin piyadanın vurulmasına səbəb ola bilər. Hazırda yağan yağışlar H.Əliyev prospektinin həmin hissəsində gölməçələrin yaranmasına səbəb olur ki, bu da vəziyyəti daha da pisləşdirir.
Məsələylə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, həmin ərazidə bərpa işlərinin aparılması üçün torpağın bərkiməsini gözləyirlər. Bununla yanaşı, hava şəraiti əlverişli olduqdan sonra sözügedən hissəyə asfalt çəkiləcəyi söylənildi . İcra hakimiyyətindən onu da qeyd etdilər ki, hazırda şəhərin ara məhəllərində asfalt örtüyünün yararsız hissələri təmir edilir.








