Son günlər ölkə ərazisində fasilələrlə yağan leysan xarakterli yağış və dolu təbii ki, ziyansız ötüşməyib. Bu ziyan kənd təsərrüfatı məhsullarından da yan keçməyib. Bunların sırasında taxıl sahələri də var. Belə ki, təbiətin şıltağlığı nəticəsində Cənub bölgəsində taxılçılıqla məşğul olan fermerlər məhsul yığımına bir qədər gec başlayacaqlar.

Astara rayonunda uzun müddətdir taxılçılıqla məşğul olan fermer Zaur Əliyev bu il bol məhsul götürməyə ümidlidir. 50 hektar sahədə elit Qarabağ sortu əkən təsərrüfatçı hər hektardan ötən ilə nisbətən 5-6 sentner çox, yəni 30 sentner taxıl əldə etməyi proqnozlaşdırır. Lakin havanın davamlı olaraq yağışlı keçməsi fermerin işini çətinə salıb. Təsərrüfat sahibi Zaur Əliyev min bir əziyyətlə əkib becərdiyi taxılı sahələrdən bir qədər gec biçəcək.

Cənub bölgəsində taxıl sahələri əsasən dəmyə üsulu ilə becərildiyindən yağışlı havalar əvvəlcə fermerlərin işinə yarasa da, sonradan düşən dolu da bir tərəfdən onlara ziyan vurdu.

Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Teyyub Rzayev deyir ki, bu da məhsuladarlığın bir qədər aşağı düşməsinə səbəb olacaq: "Ən çox ziyan müşahidə olundu Lerik və Yardımlı rayonlarında. Yağan leysan yağış və dolu taxıla müəyyən qədər ziyan vurdu. Mütəxəssislər dəymiş ziyanın məbləğini müəyyənləşdirəcək. Şüphəsiz ki, fermerlərə müəyyən qədər güzəştlər olunacaq.”

Hidrometeoroloqlar isə iyun ayının ikinci ongünlüyü üçün nikbin fikirdədir. Növbəti günlərdə Cənub bölgəsində havanın temperaturunun normaya uyğun və əsasən yağmursuz keçəcəyi bildirilir.

Lənkəran Regional Hidrometeorologiya Müəssisəsinin direktoru Cavid Hüseynov hava haqqında qısa məlumat verdi: "Havanın temperaturu gecə saatlarında 17-19 ºC dərəcə, gündüz saatlarında isə 24-29 ºC dərəcə, dağlıq ərazilərdə isə havanın temperaturu gecə saatlarında 8-13 ºC dərəcə, gündüz saatlarında isə 15-20 ºC dərəcə təşkil edəcək.”

 Elə Zaur Əliyevin də ümidi havaların istiləşməsinə qalıb. Çünki hava nə qədər tez qızarsa fermer də məhsulu sahələrdən vaxtında yığa biləcək.

.