Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir.

Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında

Azərbaycan Respublikası   Prezidentinin Sərəncamı,    14 mart 2022

 

Azərbaycan ədəbiyyatının  tanınmış simaları içərisində qadın şairlərin xüsusi yeri və çəkisi var. Məhsəti Gəncəvi, Heyran xanım Dünbüli, Fatma xanım Kəminə, Ağabəyim ağa, Xurşidbanu Natəvan, Nigar Rəfibəyli, Mədinə Gülgün, Mirvarid Dilbazi və b. ədəbiyyat tariximizə orijinal üslubları, incə ruhlu şeirləri ilə imza atmışlar. Onların hər biri əsərlərində təkcə şair kimi deyil, sevgilərinə, ailələrinə sədaqətli qadın, övladlarına qayğıkeş, təəssübkeş ana, torpağın, vətənin, elin dərdini zərif çiyinlərində daşıyan, qəm yüklü, sirr dağarcıqlı, bir gözü ağlayanda bir gözü gülən,  sevincilə kədəri əkiz doğulan, “kəbini bir rübaiyə kəsilən”, “səsində yerin-göyün dərdi olan” Azərbaycan qadınının obrazı kimi çıxış edirlər. Onların hər biri öz talelərini, həyatlarını şeirdə əbədiləşdirmiş,  dünyanın hər üzünü görən, yaşayan və yaşada bilən bir xarakter, bir tale, bir qadındır.

XIX əsrdə yaşayıb yaratmış,  Füzuli ruhundan bəhrələnən, səmimi, həzin duyğular müəllifi,  ictimai quruluşa, zəmanəyə, dünyaya tənqidi münasibət bəsləməklə yanaşı, şəxsi kədərini  ictimai kədərin içində əridən Xurşidbanu Natəvan  klassik poeziyanın qəm yüklü şairəsidir. Onun şeirlərində dərin lirizm, kədərin harmoniyası, narahat bir ruh,  ana iztirabları  üstünlük təşkil edir. “Natəvan” təxəllüsü ilə yazıb yaradan şairənin təxəllüsü  də sanki ömür yolunu, çəkdiyi məhrumiyyətləri,  sıxıntıları  özündə ifadə edir. “Köməksiz”, “tavansız”, “hamisiz”  mənalarında işlənən “Natəvan” Xurşidbanuya – “dürri-yekta”ya, “nəcabət və hüsnü-məlahətdən məada elm və kamalı ilə, ...təbii-şeiriyyəti ilə, hər qism tərifi-təhsirə layiq” (C.Tağıyev) xan qızının çiyinlərinə zəmanəsinin möhnət yükünü qoyur. Tədqiqatlarda Xurşidbanunun “Natamam” təxəllüsü ilə də şeirlər yazdığı vurğulanır. Bunu şairənin həyatı, şəxsi faciəsi ilə də bağlaya bilərik. “...Bu, onun həm yaşadığı üzüntülərə, həm də bu üzüntüləri özündə əks etdirən yaradıcılığa çox uyğun idi. Bir oğlunun vaxtsız dünyadan köçməsi, digərinin ondan ayrı düşməsi, ana bir ata ayrı övladların mal, mülk üstündə bir birinə düşmən kəsilməsi, həyata keçirmək istədiklərini başa çatdıra bilməməsi Xan qızının taleyində bir natamamlıq çevrəsi yaratmışdı”.

Xan ailəsində dünyaya gələn Xurşidbanu atası Mehdiqulu xan vəfat edəndən sonra sarayın bütün ağırlığını üzərinə götürür. Savadlı, mədəni və xeyirxah bir insan olan xan qızı xanlığın təsərrüfat işlərini idarə edir, su çəkdirir, ilxısında cins Qarabağ atları yetişdirir, xeyriyyə işləri  görürdü. Müasirləri arasında böyük nüfuzu olan Xurşidbanu həmçinin“Məclisi-üns” ədəbi məclisinə başçılıq etmiş, incə ruhlu qəzəllərilə müasirlərinin rəğbətini qazanmışdır. Gəncə, Şirvan, Nuxa, Quba, Bakı şairləri məclis rəhbəri və şairə kimi Natəvana hörmət edirdilər. O, XIX əsrdə təkcə xanlığın varisi olmağı ilə deyil, adı, əsil-nəsəbi, şəxsiyyəti ilə də fəxr edən bir şairə olmuşdur.

Yaradıcılığa XIX əsrin 50-ci illərindən başlayan Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatına   “qəmli ana” obrazının təcəssümü kimi imza atmışdır. Birinci həyat yoldaşı Xasay xan Usmiyevdən iki övladı – Mehdiqulu və Xanbikə, ikinci həyat yoldaşı Seyid Hüseyndən beş övladı (üç oğlu, iki qızı) olan  Xurşidbanu balalarının üstündə yarpaq kimi əsən, onları böyük məhəbbətlə sevən ana olmuşdur. Mənbələrdə Xurşidbanunun övlad həsrəti  ilə bağlı qeyd olunur ki, şairə övladsızlıqdan bir müddət  fikir çəkib, çoxlu müalicələr  edib və hətta xəstə olub. “Ol vaxtı istəməab Xurşidbanunun bir müddət övladı olmayıbdır və bu barədə ol nəcibə  qəmü xiffət edib, övlad ümidi ilə özünə bir para müalicələr etdiribdir və xəstə olubdur.  ...Mərhum Mirzə Fətəli Axundzadə dəxi bu barədə Zakirə yazdığı məktubdan aşikarən məlum  olur ki, Xurşidbanu bəyim övlad ucundan bəstəri-möhnətdə bir müddət rəncü təəb çəkibdir”. Ədib  (M.F.Axundzadə − N.A.) övladsızlıqdan Natəvanın günü-gündən solduğunu, ona baş çəkib halı ilə maraqlanmadığına görə özünü günahkar bilir. Göründüyü kimi, həməsrləri M.F.Axundzadə də, Zakir də şairənin xəstə halından xəbərdar olmuş, ona acımışlar. Şeirlərindən birində Xurşidbanunu “xoşbəxtlik bürcü” kimi qiymətləndirən Qasım bəy Zakir ona Allahdan övlad verməsini, “Hüseynin və Həsənin köməkçisi” olmasını arzulayır. Mehdiqulu xana təxminən 25 ildən sonra dünyaya gəlişi ilə sevinc bəxş edən Xurşidbanuya da valideynlərinin övlad həsrətini dadmağı Tanrı nəsib etmişdi.

Müasirlərinin  məktublarından bir daha görürük ki, Xurşidbanu ana olmaq eşqilə çırpınan bir qadın olmuşdur. Xanlıq, hakimiyyət, mal-mülk ona qadının mənsub olacağı ən ali məqamı – analıq hissini unutdura blmir. Beş illik həsrətdən sonra Xurşidbanu ilk övladını – atasının adını verdiyi Mehdiqulunu dünyaya gətirir. Mehdiqulu anası kimi şair təbiətli bir gənc olmuşdur. Dövrünün təhsil almış gənclərindən olan  Mehdiqulu “Vəfa” təxəllüsü ilə şeirlər yazmış, general rütbəsinə qədər yüksəlmişdir.

 Lirik şeirlər yazan  şairənin qəzəllərinin əsas mövzusunu ayrılıq dərdi, həyat eşqi, insan qəlbinin narahatlığı, təbiət gözəllikləri, övlad yanğısı təşkil etmişdir. Onun bir çox şeirlərinin hər sətrində övlad həsrətilə ürəyi dağlanan, müsibətli bir ananın  ürək çırpıntıları duyulur. Atasının adını verdiyi  oğlu Mehdiqulu Qarabağ əyanlarının fitnəsinə uyaraq  saraydan uzaqlaşmış, ananın gözünü  yollarda qoymuşdu. İlk övladının onu tərk edib getməsi Xurşidbanunu narahat etmiş, oğlunun ayrılığından  gecə-gündüz xiffət etmişdir. “Olaydı” rədifli qəzəlində şairə  üzünü Allaha tutur, onu hicran atəşində odlandırdığına görə taleyindən şikayətlənir:

Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!

Nə də bu aləm əra dil müqəyyədi-qəm olaydı!

Nə hicr atəşinə odlanıb yanardı dilim ki,

Nə eşqin içrə  könül böylə şadü xürrəm olayd.ı

İllərlə yolunu gözlədiyi, böyüdüb boya-başa yetirdiyi  ilkinin onu tərk edib getməsi ananın belini sındırır, onu dost yanında xəcil, düşmən yanında gözükölgəli edir. “O, qəzəllərində “zəmanənin möhnətindən”, “dəhri-dunun” vəfasızlığından acı-acı şikayətlənir, itirdiyi əziz oğlundan  sonra artıq yaşamaq istəmir, günlərini oğlunun həsrəti və xəyalı ilə keçirir.  “Ölürəm”, “Ey dust”, “Neçin gəlməz”, “Getmə” və digər qəzəllərində  Mehdiqulunun ayrılığından doğan hüzn, sıxıntı,  ümidsizlik motivləri üstünlük təşkil edir. Zaman Əsgərli yazır: “Həmin şeirlərdə (oğlu Mehdiquluya həsr etdiyi – N.A.) Natəvan müqəddəs ana-oğul məhəbbətini aşiq-məşuq dastanları səviyyəsinə qaldırır və Yaxın Şərq ədəbiyyatı tarixində  qadın-ana ilk dəfə olaraq övlad vəslinə yetmək üçün bütün varından, hətta şəxsi ömründən keçən fədakar aşiq zirvəsinə yüksəlir”. Şairə özünü oğlunun ayrılığından hicran qəmində xar olan Həzrəti-Yaquba, Yusifin ayrılığından qəmə batan Züleyxaya, gülzarda gülün  seyrindən  xar olan bülbülə bənzədir və etiraz edir. Oğlunun sərv qamətinə həsrətdən ananın özləri kor olub, qaməti əyilib.

Nə sərv qəddin olaydı, nə həsrətində gözüm kur,

Nə ruzgari-fəraqində qamətim xəm olaydı.

Ölürəm” rədifli qəzəlində oğlunun ayrlığından sarsılan şairənin övladına dərin məhəbbətlə birlikdə pərişanlıq, ayrılıq, həsrət, iztirab kimi  duyğularının bədii ifadəsi əksini tapmışdır.

Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm,

Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.

Fəraqdan gecələr yatmaram səbaha kimi,

Xəyali zülfünə bağlı gedibdir can, ölürəm.

Bahari-hüsnün əra gör necə xəzanəm mən,

Bahar laləsi tək bağrım oldu qan, ölürəm.

Fəda o qamətinə kim, qəza nə xoş çəkmiş,

Qədər büküb belimi, eyləyib kəma, ölürəm.

Natəvanın aforizmə çevrilmiş “Nə böylə vəslin olaydı, nə də böylə hicranın” misrası da Mediqulunun ayrılığı ilə bağlı deyilmişdir.

Xurşidbanuya  üz verən ikinci bədbəxtlik  Seyid Hüseyndən – ikinci ərindən olan oğlu Mir Abbasın 17 yaşında vaxtsız dünyasını dəyişməsi olur. Bir oğlunun fəraqını onsuz da çətinliklə  yaşayan ananın kədərinin üstünə  o biri oğlunun itkisi daşıya bilməyəcəyi bir ağırlıq, yük gətirir. Sinəsi oğul itkisi ilə dağlanmış şairə ancaq  göz yaşını axıtmaq, oğluna mərsiyələr  oxumaqla təskinlik tapır. Bu mərsiyələr o qədər məşhurlaşır ki, müasirləri  ona nəzirələr yazır. “Olaydı” rədifli qəzəlində üsyankar, taleyə boyun əymək istəməyən ananın  etirazını, şikayətini  eşidiriksə, “Getdi” rədifli qəzəlində möhnət içində qəddi əyilmiş, bağrı qan, taleyi ilə barışmağa məcbur  qəm yüklü ananın artıq haldan düşdüyünü, inilltilərini duyuruq.

Nə yaxşı munis idi, heyf, nagəhan getdi,

Məni bu möhnət əra qoydu əlaman, getdi.

O sərvi-nazdan ayrı baxarmı sərvə gözüm,

Hilal tək qəddimi eylədi kəman, getdi.

Qəzəldən məlum olur ki, Natəvanın oğlu  bahar fəslində növcavan ikən dünyadan köçmüşdür. Onun ölümü ilə bahar gülləri də açmayıb xəzan olub. Oğlunu itirmiş ananın  qəlbi qəm və kədərdən çırpınır; oğlu bu həyatda nə sevib-sevilmiş, nə nəşə, sevinc görmüşdür.  Fəraqdan ananın yuxusu ərşə çəkilib, hüsnü xəzana dönüb. Oğlunun həsrətinə dözməyən ananın göz yaşı tökməkdən qəddi bükülüb, taqəti tükənib. Bağrı qana dönən şairə hər gün oğlunun məzarı üstə gəlib onunla dərdləşir, onu yad edir, lakin oğlu bundan xəbərsizdir.

Nə oldu ariz əya, bağiban, bu gülşəndə,

Açılmadı bu bahar gülləri, xəzan getdi?!

Nə tapdı ləzzəti-işrət, nə gördü gülzarı,

Bahar fəslidə, yaran bu növcavan getdi.

Məni bu möhət əra qoydu didəsi giryan,

Bəlayi-hicrə salıb, qoydu bağrı qan, getdi.

Məzarın üstə gəlib əylənim dəmadəm, oğul,

Deyərmisən ki, nə növ ilə Natəvan getdi.

Mir Abbasın ölümünə həsr etdiyi “Getmə”, “Getdi”, “Sənsiz”, “Əfsus”, “Xudahafiz”, “Tərkin”, “Oğlum üçün” və digər qəzəllər Natəvan yaradıcılığında xüsusi yer tutur. “Yüksək sənətkarlıqla qələmə alınan şeirlərdə ana məhəbbəti, ana iztirabı, ana fəryadı, ana dərdi subyektivlikdən, fərdi səciyyədən çıxaraq ana dərdlərinin, qadın faciəsinin ümumiləşmiş tərənnümünə çevrilir. Şeirlərdə bir ana yox, çox analar ağlayır. Onları ağladan tək bir bala dərdi deyil, çox bəlalardan, köhnə cəmiyyətdə hüquqsuz hala salınmış ana-qadınların qanlı göz yaşlarını ümmana döndərən “kəcrəftar dövrandır”. “...Bu şeirlər bədii məzmununa, poetik gözəlliyinə görə XIX əsrin bir çox söz ustalarının diqqətini cəlb etmiş, Azərbaycan şairlərindən Seyid Əzim Şirvani, Ağaəli bəy Naseh, Molla ağa Bixud, Əbülhəsən Vaqif, İbrahim bəy Azər və başqaları “Ağlar”, “Əfsus”, “Getmə”, ”Sənsiz”, “Ölürəm”, “Bülbül”, “Neçin gəlməz” şeirlərindən təsirlənərək onlara cavab-nəzirələr yazmışlar.

“Əfsus” qəzəlində şairə gülbədənli oğlunun qara torpaqla bir olmasına heyifsilənir,  oğlunu baharda açmış,  çəmənin qibtə etdiyi qönçə gülə bənzədən ana onun yer altında qərar tutduğuna acıyır. Əli hər şeydən üzülən, taleyin acı yazısı ilə barışan biçarə ana gözünün nurunu əziz tutmaq üçün torpağa yalvarır. Şairənin oğlunun gül bədəninin torpağa qarışmasından yaşadığı kədər eyni zamanda dünyaya, zəmanəyə, ictimai quruluşa tənqidi münasibəti idi.

O gül ki, qibtə edərdi ona behişti-çəmən,

Tutubdu indi yer altında o qərar, əfsus!

O gülbədən ki, ipək köynək  incidərdi onu,

Olubdur indi o, torpaqla xakisar, əfsus!

Sən Allah, ey qara torpa, onu əziz saxla!

Odur mənim gözümün nuru, ey məzar, əfsus.

Nakam övladının ölümünə dözə bilməyən Natəvan – dərdli ana  ömrünün son illərini göz yaşları içində, bədbin əhval-ruhiyyədə şeirlər yazmaqla keçirir. Qələm dostları ona təsəlliverici məktublar yazır, yaralanmış qəlbini ovundurmaq, qəminə şərik olmaq istəyirlər. Lakin yaralanmış ana qəlbini heç cür ovundurmaq olmur, ağlamaqdan gözləri tutulur, dünya-aləm gözünə görünmür, əli hər şeydən soyuyur. Böyük oğlu Mehdiqulunun fitnəyə uyaraq evdən getməsi, 16 yaşlı Mir Abbasın ölümü  şairənin həyat eşqini öldürür, belini qırır, bir daha üzü gülmür. İş o yerə çatır ki, xan qızı mülklərini, varidatını girov qoyur.  Ömrünün son günlərini, ayrılıq zamanını Natəvan “Xudahafiz”  qəzəlində qələmə almışdır. Xəstəhal, gücsüz, lakin həyatsevər bir insanın duyğuları insanlığa bir vəsiyyət kimi səslənir. Bivəfa dünyadan peşmanlıqla, nigarançılıqla, təəssüf hissi ilə  ayrıldığını başa düşən şairənin ümidi tamam üzülmüşdür. O bilir ki, istəsə də, istəməsə də bu dünyadan ayrılmaq vaxtı çatıb, lakin rəqiblər onun vüsala yetməyinə imkan verməmiş, ömrü xəyallarla göz yaşları içində keçmişdir. “Vəfa hər kimsədən kim, istədim, ondan cəfa gördüm, Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm” deyən qəmxarı Füzulidən fərqli olaraq,  Natəvan  dünyanın vəfasızlığına üsyan edir, onu qınayır:

Neçün sən tərki-mehr etdin, vəfadan əl çəkərlərmi?

Məgər əhdə vəfa  etməz şəhi-xuban, xudahafiz?

Rəqiblər qoymadı yetsin əlim bir daməni-vəslə,

Xəyalinlə keçirdim ömrümü nalan, xudahafiz!

Nə səbrü taqətim qaldı, nə əqlü huş bilmərrə,

Onunçün çeşmi-pürxunim olur giryan xudahafiz!.

Səməd Vurğun yazırdı: “Şairəmizin bu acı sətirlərində  feodal dünyasının düşüncə  və hiss adamlarına nə qədər darlıq etdiyini görürük. Onların kədəri ictimai ədaləsizliyə qarşı, insanın köləliyinə və onun ləyaqətinin alçaldılmasına qarşı olan protest formalarından biridir”.

1897-ci ildə Natəvan oğul yanğısı ilə dünyasını dəyişir. Əslində oğlunun ölümünə yazdığı şeirlərdə şairənin uzun illərdən köksündə qövr edən dərdlərin, sıxıntıların, mənəvi sarsıntıların, dövrə, zəmanəyə etirazın, üsyanın sədası vardı.  Mir Abbasın ölümü – bala dərdi şairənin ictimai dərdlərini də dilə gətirirdi, şəxsi kədəri ictimai kədəri dərinləşdirirdi.

İllər keçsə də, Azərbaycan ədəbiyyatında Natəvan obrazı oğlundan sonra işıqlı dünyanı qaranlıq bilən qəmli, pərişan ana, dövrə, zəmanəyə etiraz səsini ucaldan  obrazının tərənnümçüsü kimi çıxış edir. Klassik realist poeziyada insanın daxili çırpıntılarını, psixoloji durumunu, həyatı bütün ziddiyyətləri ilə dolğun əks etdirən şairənin yaradıcılığı bu gün də insan mənəviyyatını, qadın psixologiyasını təfərrüatı ilə əks etdirən zəngin mənbədir. 

Nazilə Abdullazadə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti

.