"Kimin bacarığı, səsi, sənəti varsa, Opera və Balet Teatrında qulaqasmadan keçir və oxuyur. Kimin səsi teatrın tələblərinə cavab vermirsə, təbii ki, bizim Opera və Baletdə çıxış edə bilmir”.
Bu sözləri Teleqraf.com-a qısa müsahibəsində xalq artisti, Opera və Balet Teatrının solisti Samir Cəfərov son zamanlar teatrın ünvanına səslənən ittihamlara cavab olaraq deyib.
-Samir bəy, Opera və Balet Teatrı son günlər mətbuatın gündəmindən düşmür. Nəzakət Teymurovanın da gedişi böyük ajiotajla qarşılanmışdı. Sizin bununla bağlı fikirlərinizi bilmək istərdik?
-Opera və Balet Teatrının rəhbərliyi son zamanlar Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan Muğam Müsabiqəsində iştirak etmiş gənc ifaçıları teatra dəvət edir. Arzu Əliyeva, Aytən Məhərrəmova, Nigar Şabanova və başqalarının adlarını çəkmək olar. Onların da bəziləri Leyli partiyasını ifa edirlər. Bəlkə buna görə inciyib, yaxud mənim bilmədiyim başqa səbəblərdən dolayı Nəzakət Teymurova ərizə yazıb işdən çıxıb. Onu teatrdan çıxarmayıblar. Nəzakət Teymurova bizim gözəl, istedadlı xanəndəmiz, Leylilərin də tacıdır.
Opera və Balet Teatrında gənclərə çox yaxşı şərait yaradırlar. Kimin bacarığı varsa, gəlib burda sınaqdan keçir və oxuyur.
-Amma teatrı gənclərə şərait yaratmamaqda ittiham edən gənclər də var.
-Xeyr, teatr gənclərə hər zaman yüksək şərait yaradıb. Azər Rzazadə hazırda "La Skala” məktəbində oxuyur. Onun diplomu, musiqi savadı yox idi, amma səsi vardı. Ona teatrımızda şərait yaratdılar, balaca partiyalardan başlayaraq böyük partiyalara qədər yol keçdi. "Sevil” operasında Balaşı ifa etdi. Bundan başqa İlham Nəzərovun da adını çəkə bilərəm.
Teatrın rəhbərliyi Muğam Müsabiqələrində iştirak edən İlkin Əhmədovu, Təyyar Bayramovu, Elnur Zeynalovu və başqa gəncləri teatra dəvət edib, onlara "Şah İsmayıl”, "Leyli və Məcnun”, "Aşıq Qərib” kimi böyük tamaşalarda iri partiyalar həvalə edib, hamısı da rollarının öhdəsindən gəliblər.
Kimin bacarığı, səsi, sənəti varsa, ilkin olaraq Opera və Balet Teatrında qulaqasmadan keçir və oxuyur. Kimin səsi teatrın tələblərinə cavab vermir, təbii ki, bizim Opera və Baletdə çıxış edə bilmir.
-Gənclər özləri müraciət edir, yoxsa teatr onları dəvət edir?
-Teatrın bədii rəhbəri Tamella xanım efirlərə baxır, medianı izləyir. Səsi, istedadı olanları teatra dəvət edir. Daha sonra həmin ifaçının səsinə qulaq asılır. Təsadüfi hallarda kimsə gəlib deyir ki, mənə qulaq asın.
-Samir bəy, "O səs Türkiyə” yarışması ilə tanınan Gülşən İbadovanın teatrla bağlı ittihamları ilə yəqin tanışsınız.
-Bəli, tanışam. Bilirsiniz, Gülşən xanımın oxumaq dərəcəsi yüksək səviyyədə deyil. Özlərini ulduz hesab edirlər, amma elə deyil... O xanım bizə, teatra gəlmişdi, səsinə qulaq asıldı, amma o dərəcədə effektli olmadı. Ona bildirildi ki, səhnəyə hələ hazır deyilsən. Bizdə xorda oxuyanlar ondan yaxşı oxuyurlar.
Bilirsiniz, təhsillərini davam etdirmirlər, studiyalarda ariyalar yazdırırlar, bir neçə dəfə xarici ölkələrdə çıxış edirlər, uğur qazanırlar... Olsun, bu da yaxşıdır, amma opera sənətində səhnədə canlı ifa tələb olunur, həddən artıq güclü məktəb tələb olunur. Bu sənətə illərini vermək lazımdır.
Səs əsas şərt deyil. Problem ondadır ki, onların iddiaları qabiliyyətlərindən çox qabaqdadır. Məsləhət görərdim ki, vokal sənətinin dərinliklərini öyrənsinlər, o zaman istəklərinə nail ola biləcəklər.
-Teatrın balet truppasından xeyli sayda insanların işdən çıxması ilə bağlı nə deyə bilərsiniz?
-O truppada baş verənlərdən xəbərim yoxdur. Onu deyə bilərəm ki, baletə rəhbərliyin çox böyük diqqəti var. Hətta o truppa bizdən ikiqat artıq maaş alır. Bu ulu öndər Heydər Əliyevin qərarı idi. Məqsəd balet sənətinə dəstək olmaqdır. Çünki balet oynamaq azərbaycanlıların qanında yoxdur. Onları bu sahəyə maraqlandırmaq üçün bu çox mühim bir qərar idi.
Nərmin