Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) "1905.az” portalının "1905.az kitabı” seriyasından ikinci nəşri – "XOCALI YADDAŞI” kitabı işıq üzü görüb.
Məlumat üçün bildirək ki, orijinal dizayn və nəfis tərtibatla çap olunan kitab Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunub və şərti olaraq üç hissəyə bölünüb. "Xocalı yaddaşı” AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun ön sözü ilə açılır. Birinci hissədə Qarabağ bölgəsinin, bu əraziyə ermənilərin köçürülməsi tarixi, onların törətdikləri soyqırımlar, Ermənistanın ərazi iddiaları, Qarabağ probleminin başlanması, Dağlıq Qarabağın azərbaycanlı kəndlərinin işğalı ilə bağlı materiallar öz əksini tapır. Kitabın bu bölümü həmçinin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarından müvafiq iqtibaslarla müşayiət olunur.
Xocalı soyqırımından bəhs edən ikinci bölüm isə kitab içərisində kitab kimi verilib və məzmun-forması baxımından digər bölümlərdən fərqlənir. Bu bölümə Xocalı rayonu və şəhəri, Xocalı soyqırımı, hadisə zamanı itkin düşənlərin, əsir və girov götürülənlərin siyahısı, əsir və girov götürülənlərlə bağlı ətraflı məlumat, faciə zamanı müstəsna igidlik göstərən Azərbaycanın Milli Qəhrəmanları, qətliamı törədən erməni qruplaşmaları, xocalılara hansı yaşayış məntəqələrindən divan tutulması ilə bağlı materiallar daxil edilib. Materiallar xarici medianın Xocalı soyqırımından bəhs edən yazılar, faciə zamanı əsir düşənlərin dedikləri, eləcə də ermənilərin baş verənlərlə bağlı söylədikləri ətrafında konkret faktları ortaya qoyur.
Üçüncü bölümdə Rusiyanın "Memorial” İnsan Hüquqları Mərkəzinin, "Human Rights Watch” təşkilatının Xocalı hadisələri ilə bağlı hesabatı, Xocalı soyqırımını ehtiva edən rəsmi sənədlər, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya xalqları və müvafiq beynəlxalq qurumlar qarşısında bir sıra çıxış və müraciətləri, hadisənin soyqırım kimi dəyərləndirilməsini tam sübuta yetirən materiallar, Heydər Əliyev Fondunun Xocalı soyqırımının tanıdılması ilə bağlı fəaliyyəti, "Xocalıya ədalət” kampaniyası, soyqırımın beynəlxalq aləmdə tanınması, eləcə də bu hadisə ilə bağlı gerçəkləri dünyaya yayan tərəfsiz, ədalətli insanlar haqqında məlumatlar verilib.
Onu da qeyd edək ki, bütün kitab boyu hadisələr müstəqil məna yükü daşıyan fotoxronikanın köməyi ilə oxuculara təqdim edilir.
Kitabda həmçinin, Xocalı soyqırımının şahidi olan insanlar, soyqırımın tədqiq edən alimlər, Xocalı faciəsinin incəsənətdə, ədəbiyyatda bədii inikası ilə bağlı müsahibələr də yer alıb. Kitabda daha bir özəlliksə ilk dəfə olaraq M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının fondlarından da istifadə etməklə Xocalı soyqırımı mövzusunda elmi, bədii və publisistik kitabların siyahısının yer almasıdır.
"XOCALI YADDAŞI” kitabının ideya müəllifi və naşiri AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov, elmi məsləhətçiləri Azərbaycan MEA-nın müxbir üzvü İlyas Babayev, siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev, iqtisad elmlər doktoru Vurğun Süleymanov və başqaları, yaradıcı heyətin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayevdir.
