Tikinti şirkəti öhdəliklərinə əməl etməyib, binaya köçən sakinlər isə kömək gözləyir

Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1-də yerləşən "Abşeron LTD 2013” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) tikdiyi yaşayış binasının sakinlərinin həyatı təhlükədədir. 

2005-ci ildə tikilməyə başlayan, təhvil verilməsə də, 2013-cü ildən sakinlərin yaşamağa başladığı binada kommunal xəttlər bərbad vəziyyətdədir, lift işləmir.  

Sakinlər qarşılaşdıqları problemlə bağlı olaraq "Abşeron LTD 2013” MMC-yə, Prezident Administrasiyasına, Abşeron rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət ediblər. Amma problem bu günə kimi həll olunmayıb. Sakinlər istiliyin olmamasından, işıq,  su və qaz problemindən əziyyət çəkirlər.  

Sakinlərdən Adəm Şirinov "Bizim Yol”a bildirib ki, hazırda 60 ailənin yaşadığı binanın sahibi Tağıyev Azər Sabir oğlu müqavilə üzrə öhdəliklərə tam əməl etməyib: "Binada yaşayış üçün şərait yaradılmayıb. Məcburiyyət qarşısında bura köçən sakinlər evlərinə özləri elektrik və su xəttləri çəkməli olub. Şəbəkə olmadığından tez-tez qəzalar baş verir”.

Onun sözlərinə görə, havalar qarlı-şaxtalı olarkən evlərə su gəlmir. Çünki borular donur, su nasosları xarab olur. Qaz və istilik sistemi olmadığından sakinlər evlərini elektrik enerjisi vasitəsi ilə isitməli olurlar. Bu da əlavə yüklənməyə səbəb olur və qəzaları qaçılmaz edir. Nəticədə vətəndaşların həyatına təhlükəli yaranır və sakinlər günlərlə işıqsız qalır. 

Sakin A.Şirinov deyir ki, binada elektirik şəbəkəsinin yaradılması üçün  tikinti şirkəti "Azərişıq” ASC-yə müraciət etməlidir: "Bunun üçün isə tikinti şirkəti texniki şərt almalıdır. Sakinlər SMS tipli sayğcaların quruşadılması üçün tikinti şirkətinə vəsait ödəyiblər. Şirkət də sayğaclaşma sisteminə keçmək üçün rüsum ödəməlidir. Burada yaşayış üçün şəraitin yaradılmadığına görə, digər sakinlər binaya köçə bilmirlər. Məcburiyyətdən sakinlərin əksəriyyəti kirayədə qalmalı olurlar”. 
Sakin Adəm Şirinov iddia edir ki, "Abşeron LTD 2013” MMC-nin rəhbərliyi binanın təhvilməsi istiqamətində işlər görmür.

Tikinti şirkəti ilə payçılar arasında olan müqavilənin öhdəliyinə əsasən mənzil payçıya daxili elektirik xətləri, daxili santexnika xətləri, xarici qapı və pəncərələr, yüksək keyfiyyətli suvaq işləri, pilləkən qəfəsinin rənglənməsi, ağardılması və məhəccərin quraşdırılması, mərtəbələrdə elektirik şitlərinin quraşdırılması, liftlərin quraşdırılması və sazlanaraq işə buraxılması nəzərdə tutulub. 

.